Paris, 28 oktyabr, AZƏRTAC, Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkədə keçirilən etiraz aksiyalarına dair görüntülərin xarici hərəkatlar tərəfindən təhrif edilərək sosial şəbəkələrdə yayıldığını bildirib. Onun sözlərinə görə, bu cür paylaşımlar Fransanın beynəlxalq imicinə zərər vurmağa yönəlib.AZƏRTAC xəbər verir ki, Jan-Noel Barro “France 2” telekanalına müsahibəsində bəzi xarici qüvvələri etiraz aksiyalarına aid görüntülərdən istifadə edərək dezinformasiya yaymaqda ittiham edib. Nazir Amerika Birləşmiş Ştatlarından, İsraildən, İrandan və Rusiyadan qaynaqlanan bəzi hərəkatların bu prosesdə iştirak etdiyini bildirib, lakin konkret təşkilatların adlarını açıqlamayıb.Barro, xüsusilə etirazları kütləvi immiqrasiya və radikal İslamla əlaqələndirən paylaşımların artmasına diqqət çəkib. Onun iddiasına görə, immiqrasiya mövzusuna toxunan məzmunların üçdə ikisi xaricdən qaynaqlanır. Sosial şəbəkələrdə yayılan bəzi görüntülərin isə saxtalaşdırıldığı və ya süni intellekt vasitəsilə yaradıldığı bildirilir.Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron oktyabrın 17-dəki etirazlar zamanı baş verən zorakılıqlarla bağlı məlumatların xarici müdaxilə yolu ilə manipulyasiya edildiyini bəyan edib. O, hadisələrə birbaşa xarici müdaxilənin olduğuna dair əlamətlərin olmadığını, lakin informasiya sahəsində manipulyasiyanın baş verdiyini vurğulayıb. Emmanuel Makron Fransada heç vaxt baş verməmiş zorakılıq səhnələrini əks etdirən süni intellektlə yaradılmış görüntülərin yayılmasını da tənqid edib.