"Apple" cihazlarının əməliyyat sistemlərində aşkarlanan altı boşluq zərərli tətbiqlərə istifadəçilərin şəxsi fotolarına, media fayllarına və brauzer tarixçəsinə giriş imkanı yarada bilərdi.
Bu barədə “Lenta.ru”ya “Positive Technologies” şirkətindən məlumat verilib.
Boşluqları PT MAZE komandasının tədqiqatçısı İlya Andr aşkarlayıb.
Şirkətin məlumatına görə, müəyyən şərtlər daxilində zərərli tətbiqlər təcrid olunmuş mühitdən kənara çıxaraq istifadəçilərin şəxsi məlumatlarına giriş əldə edə bilərdi.
Boşluqlardan biri cihazda saxlanılan fotoların, sənədlərin və messencerlərdəki media fayllarının kiçildilmiş görüntülərinə baxmağa imkan verirdi. Tədqiqatçı sınaq cihazında təxminən min şəklin önizləməsinə giriş əldə etdiyini bildirib. Digər boşluq isə gizli fotolar da daxil olmaqla media fayllarına çıxış riski yaradırdı.
"Screen Time" komponentində aşkarlanan başqa bir boşluq vasitəsilə "Safari", "Chrome" və "Firefox" brauzerlərinin tarixçəsini oxumaq və silmək mümkün ola bilərdi.
Daha üç boşluq "App Store", "Xcode" və "MobileGestalt" komponentləri ilə əlaqəli olub. Onlardan ikisi tətbiqlərin təcrid olunmuş mühitdən kənara çıxmasına, digəri isə cihazın xüsusiyyətlərini toplayaraq onun rəqəmsal izini formalaşdırmağa imkan verə bilərdi.
Şirkət bütün aşkarlanan boşluqların aradan qaldırıldığını bildirib. "Apple" cihazlarının istifadəçilərinə əməliyyat sistemlərinin və tətbiqlərin ən son yeniləmələrini quraşdırmaq tövsiyə olunub.