Bakı, 28 oktyabr, AZƏRTAC Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşünün əsas məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, məlumat və qabaqcıl təcrübələrin mübadiləsini asanlaşdırmaq, eləcə də korrupsiya nəticəsində əldə olunmuş aktivlərin bərpasını təmin etməkdən ibarətdir.AZƏRTAC xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu tədbirin əsas nəticələrindən biri Baş Prokurorluğun İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşünün Bürosuna iki il müddətinə yekdilliklə sədr seçilməsidir.”Bu da bizə imkan verəcək ki, partnyorlarımızla, korrupsiyaya qarşı mübarizə aparan orqanlarla əməkdaşlığı daha da gücləndirək və cəmiyyətimizdə korrupsiyanın tamamilə məhv edilməsini təmin edək. Digər bir mühüm məsələ isə Məkkə Əl-Mükərrəmə Konvensiyasının imzalanmasıdır. Bu Konvensiya korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarına beynəlxalq əməkdaşlıq üçün bir hüquqi çərçivə yaradır. Bununla da həm məlumat mübadiləsinin və qabaqcıl təcrübələrin paylaşılması asanlaşdırır, həm də birgə istintaq tədbirlərinin həyata keçirilməsinə, qarşılıqlı hüquqi yardıma, korrupsiya nəticəsində əldə edilmiş aktivlərin müəyyən edilməsinə, onların müsadirə olunmasına və bərpasını imkan yaranır. Əminik ki, bugünkü görüş həm üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumları arasında beynəlxalq əməkdaşlığı gücləndirəcək, həm də korrupsiyaya qarşı birgə səylərimizin artırılmasına töhfə verəcək", - deyə Tuqay Rəhimli qeyd edib. Müxbir - Göyçək Mahmudlu Fotoqraf - Səfiyar Məcnun Videooperator - Vüsal Taqiyev