İngiltərədə şok: ''Arsenal'' 4-cü divizion təmsilçisi ilə bacarmadı

İngiltərə liqa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Srağagün nəinki bu mövsümün, bütövlükdə bu turnirin tarixinin ən böyük sürprizlərindən biri qeydə alındı. ''Arsenal'' 2-ci liqa, yəni 4-cü divizion təmsilçisi ''Flitvud''un qonağı oldu. Təbii ki, hər kəs premyer-liqanın son çempionu və ÇL-in son finalçısının rahat şəkildə mərhələni adlayacağını düşünürdü. Amma belə olmadı. Meydan sahibləri fasiləyə minimal üstünlüklə yollandılar. London nəhənginin start heyətində Haverts, Timber, Dyökereş, İnkapye, Lüis-Skelli, Subimendi kimi əsas futbolçular meydana çıxmışdı. Baş məşqçi Mikel Arteta fasilədə Edeqor və Uayt, ikinci hissənin gedişində isə Eze və Konsa kimi oyunçuları da meydana buraxdı. Buna baxmayaraq ''Arsenal'' yalnız bərabərlik qolunu vura bildi. Dyökereşin 50-ci dəqiqədə gələn qolundan sonra qonaqlar böyük üstünlüyə malik olsalar da, 2-ci qolu vura bilmədilər. Üstəlik 85-ci dəqiqədə 16 yaşlı Maks Doumanın qırmızı vərəqə alması ilə ''Arsenal'' azlıqda qaldı.

Turnirin reqlamentinə əsasən 90 dəqiqə tamam olduqdan sonra tərəflər birbaşa penaltilər seriyasına keçdilər. Burda isə ''Arsenal''ın yayda 88 milyon avroya transfer etdiyi Bruno Gimaraynşın zərbəni qola çevirə bilməməsi həlledici oldu.

Beləliklə, heyətinin dəyəri cəmi 2,4 milyon avro olan və 4-cü divizionda bu mövsüm keçirdiyi 13 oyunun yalnız 3-də qalib gələrək 18-ci pillədə qərarlaşan ''Flitvud'' heyətinin dəyəri 1,4 milyard avro olan ''Arsenal''ı mübarizədən kənarlaşdırdı!

Maraqlıdı ki, oyun ''Hayberi'' adlanan stadionda keçirildi. ''Arsenal'' da 2006-da ''Emireyts''ə köçənə qədər 1 əsrə yaxın ev oyunlarını məhz ''Hayberi'' adlanan stadionda oynayırdı. London nəhəngi elitada oynadığı dönəmdə bu turnirin tarixində ikinci dəfə 4-cü divizion təmsilçisinə uduzdu. İlk belə sürpriz 2012-nin dekabrında ''Bredford Siti'' ilə oyunda qeydə alınmışdı.