Fond: İpoteka kreditində SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək

İpoteka kreditlərinə müraciət zamanı İpoteka və Kredit Zəmanət Fondunun təşəbbüsü ilə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək.

Bu barədə Fonda istinadən xəbər verilir.

Yeni həll sayəsində vətəndaşlar müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər. Bu yanaşma, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin olunmasına, ipoteka kreditlərinə müraciət zamanı yarana biləcək sui-istifadə hallarının, prosesə kənar müdaxilə riskinin, xüsusi proqram təminatlarından istifadə edilməsinin qarşısının alınmasına imkan verəcək. Müraciətə dair təlimat MyGov portalında müvafiq bölmədə yerləşdirilib. Qeyd olunan dəyişiklik və yeniliklərlə bağlı vətəndaşların əlavə sualları yarandığı halda, Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.