Azərbaycanın son illərdə keçdiyi şərəfli tarixi yol və xalqımızın əzmkar mübarizəsi – RƏY

Azərbaycan artıq sadəcə regional oyunçu deyil, qlobal səviyyədə sivilizasiyalararası körpü rolunu oynayan mərkəzdir. BMT-nin Sivilizasiyalar Alyansı kimi nüfuzlu tərəfdaşlarla birlikdə qurulan bu platforma, dünyanın ən həssas və təxirəsalınmaz problemlərinin müzakirə olunduğu intellektual mərkəzə çevrilib.Bunu Oxu24.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.Deputat qeyd edib ki, Azərbaycanın Asiya ilə Avropa arasında mədəniyyət qovşağında yerləşməsi təkcə coğrafi üstünlük deyil, həm də əsrlərin süzgəcindən keçmiş bir yaşam tərzidir:“Cəmiyyətimizdəki sabitliyin və ahəngdarlığın təməlində məhz dini və etnik dözümlülük dayanır. Konstitusiyamıza əsasən bərabər hüquqlara malik olan müxtəlif xalqlar və dinlərin nümayəndələri Azərbaycanda sadəcə qonşu kimi deyil, əsl bir ailə kimi yaşayırlar. Bu, sübut edir ki, multikulturalizm Azərbaycanda süni şəkildə yaradılmış layihə deyil, xalqımızın milli təfəkkürünün tərkib hissəsidir.Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları bir amal ətrafında birləşdirən güclü mənəvi sütündür. Bu birliyin əsl gücü və sınağı İkinci Qarabağ müharibəsi zamanı özünü büruzə verdi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin olunması üçün Qələbəmizin rəmzinə çevrilmiş “Dəmir yumruq” kimi birləşdi. Bu, daxili sabitliyimizin və həmrəyliyimizin qırılmazlığını göstərən ən bariz nümunədir.Xalqımızın əsrlər boyu müstəqillikdən məhrum olmasına baxmayaraq, öz dilini, dəyərlərini, milli kimliyini və həyat tərzini qoruyub saxlamağı bacarmışdır. Müxtəlif imperiyalar və siyasi sistemlər dəyişsə də, azərbaycanlıların milli ruhu heç vaxt sarsılmayıb. 35 illik müstəqillik dövrü isə xalqımızın öz taleyinin əsl sahibinə çevrildiyini, sıfırdan güclü dövlət qurmağa və ölkəni inkişaf etdirməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün bunların başında ədalətsizliyə Qarşı Qanuni Müqavimət və Pozulmaz İnam dayanırdı.İllərlə davam edən, əslində isə münaqişəni dondurmağa və Azərbaycanı haqsız duruşla barışdırmağa hesablanmış danışıqlar masası xalqımızın iradəsini qıra bilmədi. Güc mərkəzləri Azərbaycan xalqının əyilməz iradəsini və dövlətin strateji planlarını səhv hesablamışdılar. Nəticədə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququndan istifadə edən Azərbaycan, beynəlxalq hüququ öz gücü ilə bərpa edərək tarixi ədalətsizliyə son qoydu.Bu forumda, cənab Prezidentin çıxışında, bir xalqın mədəni tolerantlıqla əzmkar mübarizəni necə uzlaşdırdığını, həm dialoqa açıq olduğunu, həm də öz haqqını və suverenliyini qorumaq üçün hər cür gücə malik olduğunu təsdiq edən güclü bir siyasi və mənəvi çağırışın şahidi olduq”.