"Dövlət Ramiz Mehdiyevin müsadirə olunacaq əmlaklarının bir hissəsini qazilərə və şəhid ailələrinə verə bilər. Çünki, mülkiyyətin sahibi artıq dövlət olacaq”.
Bu barədə Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Bəs bu məsələ qanunvericilik baxımından nə qədər mümkündür? Bunun üçün ayrıca hüquqi mexanizm yaradılmasına ehtiyac varmı?
Çingiz Qənizadənin sözlərinə görə bu məsələdə qanunvericilikdə hər hansı dəyişikliyin edilməsinə ehtiyac yoxdur:
"Mülki qanunvericilik əmlak sahibinin həmin əmlak üzərində sərəncam vermək hüququnu tanıyır. Yəni əmlak sahibi özünə məxsus əmlakı kiminsə əvəzsiz istifadəsinə verə, icarəyə verə və ya bağışlaya bilər.
Bu baxımdan, dövlət əmlakı dövlətə məxsus olduğu üçün dövlət qazilərə və şəhid ailələrinə onsuz da müəyyən yardımlar edir, onlara evlər verir, yeni yaşayış evləri tikir və sair. Müsadirə olunmuş əmlak üzərində hüquq dövlətə məxsus olduğuna görə dövlət həmin evləri şəhid və qazi ailələrinə verə bilər.
Əgər söhbət böyük mülklərdən gedirsə, onları şəhid və qazi ailələrinin uşaqları üçün əyləncə mərkəzlərinə çevirərək onların istirahətini təmin etmək olar. Torpaq sahələrinə gəlincə, həmin ərazilərin müəyyən hissələri şəhid və qazi ailələri arasında bölüşdürülə bilər. Beləliklə, ailələrə bir və ya iki hektar torpaq sahəsi verilməklə onların əkib-becərmək və ailələrini dolandırmaq imkanları yaradıla bilər.
Ona görə də hesab edirəm ki, bu məsələdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac yoxdur. Əmlak sahibi öz əmlakı üzərində sərəncam vermək hüququna malikdir. Dövlət də bu hüquqdan istifadə edərək qeyd etdiyimiz formalarda əmlakları aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə verə bilər".
Xatırladaq ki, ötən gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində hökm çıxarılıb. 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Ramiz Mehdiyevin əmlakları müsadirə olunacaq. Siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorundakı paylar yer alır.