“Sədərək” Ticarət Mərkəzi Ramiz Mehdiyevin burada mülkünün, obyektlərinin və biznes payının olması barədə yayılan məlumatları təkzib edib.
Modern.az-ın sorğusuna cavab olaraq ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib ki, bu iddialar həqiqəti əks etdirmir.
“Ramiz Mehdiyevlə bağlı məsələ ilk dəfə gündəmə gələndə də “Sədərək” Ticarət Mərkəzinin adı hallandırılmışdı. Bir daha birmənalı şəkildə bildiririk ki, onun burada heç bir mağazası, obyekti və mülkü yoxdur”, – deyə o qeyd edib.
K.Qədim Ramiz Mehdiyevin ticarət mərkəzində şərikliyinin və ya payının olması barədə məlumatları da təkzib edib:
““Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri olaraq bildirirəm ki, Ramiz Mehdiyevin burada hər hansı payı və ya şərikliyi yoxdur. Yayılan məlumatlar yanlışdır”.
İqtisadçı Xalid Kərimli isə bildirib ki, Ramiz Mehdiyevin ticarət mərkəzində əmlakının və ya payının olduğu təsdiqlənərsə və məhkəmə onun müsadirəsinə qərar verərsə, həmin əmlak dövlətin xeyrinə müsadirə olunacaq. Onun sözlərinə görə, bu əmlakın sonrakı idarə olunması ilə bağlı qərarı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti verəcək.