“Cənub Qaz Dəhlizi”nin 2 milyard dollarlıq istiqrazları dövlət zəmanətli borcu kəskin azaldıb

Bakı, 28 oktyabr, AZƏRTAC Cari ilin 1 oktyabr tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 7 milyard 886 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,7 faizini təşkil edib. Dövlət zəmanətinin 4 milyard 857,8 milyon manatı (2 milyard 857,5 milyon dollar) və ya 61,6 faizi xarici dövlət zəmanətli kreditlərin, 3 milyard 28,2 milyon manatı və ya 38,4 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2026-cı ilin 9 ayı üzrə dövlət borcuna dair hesabatda dərc olunub.2026-cı il 1 yanvar tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 10 milyard 368,4 milyon manat və ya 2025-ci il üzrə ÜDM-in 8 faizini təşkil edib və hesabat tarixinə 2 milyard 482,4 milyon manat azalıb. Dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması “Cənub Qaz Dəhlizi” QSC tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2 milyard dollar məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına olub.