Mərkəzi Bank BOKT-lərə risk əsaslı nəzarəti tətbiq etməyi planlaşdırır

Azərbaycan Mərkəzi Bankı bank olmayan kredit təşkilatlarına risk əsaslı nəzarət mexanizminin tətbiqi üzrə qiymətləndirmələrə başlayıb. Bu barədə Mərkəzi Bankın Qeyri-bank kredit təşkilatlarına nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib.

Onun sözlərinə görə, yeni yanaşma çərçivəsində risk matrisinin meyarları müəyyən ediləcək, nəzarət resurslarından daha səmərəli istifadə olunacaq və təşkilatların risk dairəsi qiymətləndiriləcək. İsmayılov bildirib ki, bank sektorunda istifadə olunan tənzimləmə təcrübəsinin BOKT-lərə də tətbiqi nəzərdə tutulur.

İsmayılov xarici amillər və informasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizliklə bağlı risklərin artdığını deyib. Risk əsaslı nəzarətin potensial problemləri vaxtında müəyyənləşdirməyə və qabaqlayıcı tədbirlər görməyə imkan verəcəyini bildirib.

“Əsas məqsədimiz həm sektorun reputasiyasını qorumaq, həm də investorlar üçün cəlbediciliyi artırmaqdır”, – İsmayılov deyib.

Onun sözlərinə görə, risklərin vaxtında qiymətləndirilməsi təşkilatların idarəçiliyinin və daxili strukturunun təkmilləşməsinə də kömək edə bilər.