TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırım ilə görüşüb.

Görüş zamanı TÜRKPA-nın Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilmiş 15-ci plenar iclası və Assambleya Şurasının iclası çərçivəsində qəbul edilmiş qərarlar, eləcə də qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin iki qüdrətli lider - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan və Türkiyənin müstəqil daxili və xarici siyasət yürüdən qüdrətli dövlətlər kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinin və Türk dünyasının birliyinə töhfə verməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Öz növbəsində, TÜRKPA-nın Baş katibi Ramil Həsən səmimi qəbula görə Binəli Yıldırıma təşəkkürünü bildirib. O, müstəqil və qüdrətli türk dövlətlərinin beynəlxalq müstəvidə mövcudluğunun və həmrəyliyinin Türk dünyasının vahid və güclü birlik kimi çıxış etməsinə mühüm töhfə verdiyini qeyd edib.

Baş katib, xüsusilə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin, müstəqil siyasi xəttin davam etdirilməsinin və ortaq maraqların uzlaşdırılmasının hər iki dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin Azərbaycan və Türkiyənin digər qardaş Türk dövlətləri üçün ilham mənbəyi və aparıcı qüvvə rolunu oynadığını xüsusi qeyd edib.

B.Yıldırım Azərbaycan ilə Türkiyə arasında strateji qardaşlıq münasibətlərinin güclənərək davam etdirilməsinin vacib və şərt olduğunu və bu istiqamətdə bundan sonra da əllərindən gələn bütün dəstəyi əsirgəməyəcəklərini ifadə edib. O, TÜRKPA-nın fəaliyyətinə və Baş katibin işlərinə uğurlar arzulayıb.