Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) yeni xidmətlər göstərməsi imkanlarını qiymətləndirir.
Bunu AMB-nin Qeyri-bank kredit təşkilatlarına nəzarət departamentinin direktoru Xəyyam İsmayılov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirdiyi 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.
Onun sözlərinə görə, söhbət hesabların açılması, komissiya xidmətlərinin təqdim edilməsi, pul köçürmələrinin həyata keçirilməsi, ödənişlərin qəbulu və nağd pul xidmətlərinin göstərilməsindən gedir: "Eyni zamanda, digər istiqamətlər üzrə də yeni yanaşmaların tətbiqi ilə bağlı ekspert rəyləri nəzərə alınacaq".
"Bu istiqamətdə müvafiq işlərin aparılması və qısa müddətdə uyğun materialların hazırlanaraq tətbiqinə başlanması nəzərdə tutulur. Məlum olduğu kimi, ölkə rəhbərliyinin müvafiq fərmanı ilə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun təsdiq edilib. Bu qanun ödəniş xidmətləri sahəsində fəaliyyət göstərəcək təşkilatların fəaliyyətini tənzimləməklə yanaşı, həmin sahədə yaranan münasibətləri də əhatə edəcək. Ödəniş xidmətləri sektoru ilə bağlı statistikaya gəldikdə, hazırda bu sahədəki göstəricilər gözlədiyimiz potensialdan aşağıdır. Rəqəmlər göstərir ki, əvvəlki təsnifatla elektron pul təşkilatlarının aktivləri hazırda 50 milyon manat təşkil edir. Hesab edirik ki, qanunun qəbulundan və tətbiqindən sonra bu potensial artacaq, sektor daha geniş imkanlar əldə edəcək. Məsələn, Qazaxıstanda bu göstərici 520 milyon ABŞ dolları təşkil edir. Bu, ödəniş xidmətləri ilə məşğul olan şirkətlərlə yanaşı, digər iştirakçıların da bazarda mühüm rol oynadığını göstərir", - deyə AMB rəsmisi əlavə edib.