Bakı taksilərin orta yaşına görə Avropa regionunda lider şəhərlər sırasındadır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, paytaxtdakı taksilərin orta yaşı 5 il təşkil edir: "Bakı şəhərində həddən artıq çox sayda köhnə nəqliyyat vasitələri var idi. İslahata başladığımızdan öncə bunların 60 %-dən çoxu istismar müddəti 15 ildən yuxarı olan nəqliyyat vasitələri idi. İndi isə vəziyyət kökündən dəyişir. Təbii ki, bu, ətraf mühitə vurulan zərəri minimuma endirir. Çünki hazırda taksi parkının təxminən 70 %-ni artıq hibrid və ya elektrik nəqliyyat vasitələri təşkil edir".
R.Hümmətov qeyd edib ki, yerüstü nəqliyyatla yanaşı, relsli nəqliyyatda da bu islahatlar davam etdirilir: "Nəticədə sərnişin daşıma qabiliyyəti ciddi şəkildə artacaq. Bu, təbii olaraq avtomobillərə tələbatı azaltmaqla ətraf mühitə vurulan zərərin azalmasını paralel şəkildə gətirmiş olur. Bu gün ortalama metro və avtobus sistemi, yəni ictimai nəqliyyat şəhərdə təqribən gündəlik 2,6 milyon sərnişin daşıya bilir. Növbəti illərdə bu rəqəmin daha da artması gözlənilir. Eyni zamanda, konveyer xətlərinin də bərpa edilməsi və mərhələli şəkildə istifadə edilməsi məqsədlərdən biridir. Bu istiqamətdə müvafiq işlər davam edir".