Srağagün gecə 2025/26 mövsümünün ən yaxşı futbolçusuna “Qızıl top” verildi. Londonda keçirilən tədbirdə İngiltərə yığmasının və “Bavariya”nın hücumçusu Harri Keyn mükafatlandırıldı. Çoxları əvvəldən onun şansını yüksək qiymətləndirsə də, Kilian Mbappe ilə Lamin Yamalın qalib olacağını iddia edənlər də var idi. Vaxtilə qalibin seçilməsində işirak edən Rasim Mövsümzadə bu dəfə səs verməyib. Axı “Frans Football”un sorğusunda yalnız FİFA reytinqinin ilk 100 pilləsində qərarlaşan ölkələrin jurnalistləri iştirak edir.
Seçim prosesindən kənarda qalan həmkarımızdan Harri Keynin qalib seçilməsinə münasibət öyrəndik. Bəs o, kimə səs verərdi? Rodrinin də nominantlar sırasında olması Lamin Yamalın səslərini nə dərəcədə parçaladı?
“Football-plus.az” bu sualları Rasim Mövsümzadəyə ünvanlayıb:
“Əvvəlki illərlə müqayisədə bu dəfə aşkar favorit yox idi. Əsas namizədlərin sayı da bir-iki nəfərlə məhdudlaşmırdı. Beş-altı futbolçunun şansları təxminən bərabər idi və onların hər biri qalib ola bilərdi. Sonda Harri Keyn seçildi. Bu qərarı ədalətsizlik hesab etmək olmaz. Keyn mövsüm ərzində 70-dən çox qol vurub, çox məhsuldar çıxış edib və komandasında liderlik keyfiyyətləri ilə seçilib. Buna görə də onun qalib gəlməsini normal qarşılamaq lazımdı.
Əvvəlcədən əsas mübarizənin Keyn, Mbappe və Yamal arasında gedəcəyini düşünürdüm. Nəticədə də bu üç futbolçu ilk sıralarda qərarlaşdı. Digər namizədlərin də şansları az deyildi. Məsələn, Lionel Messi dünya çempionu olsaydı, qalib gəlmək şansı daha yüksək olardı. Xviça Kvaratsxeliya ölkə çempionluğuna yiyələnib, ÇL-də mövsümün ən yaxşı oyunçusu seçilsə də, komandası dünya çempionatına gedə bilmədi. Rodri dünya çempionatının ən yaxşı oyunçusu seçilməsinə baxmayaraq, komandasının Çempionlar Liqasında və İngiltərə çempionatında uğurlu çıxış etməməsi səbəbindən ilk “üçlük”dən kənarda qaldı.
Açığı, mən, Mbappenin qalib gəlməsini istərdim. O, üç böyük turnirin – dünya çempionatının, Çempionlar Liqasının və La Liqanın bombardiri olub. “Qızıl top” fərdi mükafatdı və futbolçunun şəxsi göstəriciləri də burda əsas rol oynamalıdı. Bu baxımdan, Mbappenin mükafata layiq olduğunu düşünürəm. Təbii ki, belə səviyyəli futbolçunun hələ də “Qızıl top” qazanmaması təəssüf doğurur. Ancaq onun qarşısında hələ uzun illər var və gələcəkdə bu mükafata yiyələnə bilər. Məsələn, Fransa 2028-ci ildə Avropa çempionu olsa, “Real”la Çempionlar Liqasını qazansa, Mbappenin şansları daha da arta bilər. Belə uğurlar onu yenidən əsas namizədlərdən birinə çevirər.
Lamin Yamal hələ çox gəncdi. Başa düşürəm ki, o, “Qızıl top”u qazanan ən gənc futbolçu kimi tarixə düşmək istəyir. Ancaq qarşıda hələ çox illəri var və mükafatı qazanmaq üçün kifayət qədər fürsəti olacaq. Hətta gələcəkdə bir neçə dəfə bu titula yiyələnə bilər.
Ötən mövsümə gəlincə, Yamalın mükafata tam layiq olduğunu demək də çətindi. “Barselona” ilə La Liqanın qalibi olsa da, dünya çempionatında gözlənilən səviyyədə çıxış etmədi. Ondan daha yaxşı performans gözlənilirdi. Həmçinin “Barselona” ilə Çempionlar Liqasını qazana bilmədi. Bu baxımdan, onu aşkar favorit saymaq düzgün olmazdı. Ggələcəkdə qalib olmaq üçün çox şansı olacaq. Əminəm ki, yaxın illərdə bunu bacaracaq”.