Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq.
Oktyabrın 29-da Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı qərarı ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, Mərkəzi Bankın əvvəlki qərarı ilə uçot dərəcəsi 6,5%, faiz dəhlizinin yuxarı həddi 7,5% səviyyəsində sabit saxlanılıb, aşağı həddi isə 0,5 faiz bəndi azaldılaraq 5%-ə endirilib.
AMB əvvəlki qərarında bildirmişdi ki, ilin qalan dövründə faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarındakı proseslər və bank sektorunda likvidlik nəzərə alınmaqla qəbul ediləcək. Qlobal qeyri-müəyyənliklər və onların daxili iqtisadiyyata təsiri nəzərə alınaraq makroiqtisadi proqnozların bir neçə ssenari əsasında qiymətləndirilməsi davam etdiriləcək.
Bəs bu dəfə hansı qərar verilə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, böyük ehtimalla AMB əvvəlki faiz dərəcələrini yenə qüvvədə saxlayacaq:
“Faiz dərəcələri aşağı salına bilər. Amma bu ehtimal çox azdır. Üstəlik AMB-nin qərarının bazara elə bir ciddi təsiri olmayacaq. Çünki AMB qərarlarının bazara güclü təsiri olmur. Bu da onunla bağlıdır ki, ölkədə satılan məhsulların əsas hissəsi xaricdən gəlir. Yəni qiymət orada formalaşır, burada yox. Ona görə də sabah ciddi bir dəyişiklik gözləmirəm”.
Surxay Atakişiyev, Bizim.Media