Nasaz avtomobil 2 gəncin həyatına son qoydu

Oktyabrın 27-si, saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yevlax şəhər sakini 24 yaşlı Oruc Məmmədov "BMW" markalı avtomobillə hərəkətdə olarkən, ilkin ehtimala görə yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək yolun kənarına aşıb.

Qəza nəticəsində ağır xəsarətlər alan sürücü və həmyerlisi olan sərnişini - 30 yaşlı Emil Paşayev xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə və əksər faciələrin başlancığı olan sürət amilinə hər zaman həssaz yanaşmağa çağırır.