Transmilli cinayətkarlığa qarşı mübarizə üçün əməkdaşlıq gücləndirilməlidir.
Bunu Qətərin İnzibati Nəzarət və Şəffaflıq İdarəsinin prezidenti, İƏT-ə üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə üzrə Hüquq-Mühafizə Orqanları Rəhbərlərinin 2-ci Nazirlər Görüşünün sədri Hamad bin Nasser Al-Misnad Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə deyib.
Hamad bin Nasser Al-Misnad bildirib ki, Qətər 2024-cü ilin noyabrında Dohada keçirilən ikinci Nazirlər Görüşünə ev sahibliyi edib. Həmin görüş müvafiq qurumlar arasında əməkdaşlığın inkişafına və Məkkə Konvensiyasının imzalanmasının genişləndirilməsinə töhfə verib.
Onun sözlərinə görə, görüş zamanı Konvensiyanı 21 üzv dövlət imzalayıb və bununla da sənədi imzalayan dövlətlərin ümumi sayı 24-ə çatıb. Qətər Konvensiyanı bu yaxınlarda ratifikasiya edib və sənədin mümkün qədər tez qüvvəyə minməsi üçün İƏT-ə üzv digər dövlətlərin də onu ratifikasiya edəcəyinə ümid edir.
Qətər rəsmisi vurğulayıb ki, hazırkı mürəkkəb siyasi və təhlükəsizlik şəraiti ölkələr və müvafiq qurumlar qarşısında ciddi çağırışlar yaradır, dövlətlərin inkişafına mane ola biləcək riskləri artırır.
O, Qətərin sədrliyi dövründə əməkdaşlığa görə İƏT-ə üzv dövlətlərə və təşkilatın Baş katibliyinə təşəkkürünü bildirib. Həmçinin, Azərbaycanın bu istiqamətdə səyləri davam etdirəcəyinə və xalqların, eləcə də dövlətlərin mənafeyi naminə praktiki nəticələrin əldə olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.