“Heç nəyi dəyişmək mümkün deyil deyənlərin sözlərinə inanmayın" - BMT rəsmisi

“Siz valideynlərinizdən və nənə-babalarınızdan daha uzun ömür sürəcək bir nəsilsiniz. Bəziləri gələcəyə çox mənfi yanaşır. Lakin bu, doğru deyil. Siz onlardan daha yaxşı olacaqsınız”.

Bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi və BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos dedi.

O vurğuladı ki, siz bütün nənə-babalara, o cümlədən mənim nəslimə sübut edəcəksiniz ki, bütün bəşəriyyət üçün daha yaxşı gələcək qurmaq mümkündür:

“Heç nəyi dəyişmək mümkün deyil deyənlərin sözlərinə inanmayın. Hər şey mümkündür. Əgər qətiyyətli olsanız, hər şeyə nail ola bilərsiniz. Son olaraq demək istəyirəm ki, hər birinizlə fəxr edirəm. Gənclərlə işləyən, onlara dəstək olmağa, kömək etməyə və həyatlarına müsbət dəyərlər qazandırmağa çalışan komandamla da fəxr edirəm. Onlar sizinlə birlikdə çalışıb, sizə yol göstərməyə və inkişafınıza töhfə verməyə səy göstəriblər. Bura ilk gəlişim deyil. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının fəaliyyəti ilə də tanış olmuşam və bu təşkilatın BMT sistemində mühüm rol oynadığını görmüşəm. Bizim üçün çox qürurverici və sevindiricidir ki, bu şəxsiyyətlərin formalaşmasına və inkişafına öz töhfəmizi verə bilmişik”.