Melaniya Tramp: Rusiya və Ukrayna atəşkəsə əməl edir

Rusiya və Ukrayna Xerson vilayətinin Alyoşki şəhərində əldə olunmuş atəşkəs razılaşmasına əməl edir.

Bunu ABŞ-nin birinci xanımı Melaniya Tramp “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Ukrayna və Rusiya Alyoşkidə atəşkəs razılaşmasına riayət edir. Oktyabrın 27-si Kiyev vaxtı ilə saat 17:30-a olan məlumata görə, hər iki ölkə humanitar missiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir”, – o qeyd edib.

Melaniya Tramp daha əvvəl atəşkəsin tətbiq olunduğu ərazinin Alyoşki şəhərinin hüdudlarından kənara qədər genişləndirildiyini və razılaşmanın nəzərdə tutulduğundan iki gün əvvəl qüvvəyə mindiyini açıqlayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə atəşkəsin əvvəldən şəhər ətrafındakı əraziləri də əhatə etdiyini təsdiqləyib.

Xatırladaq ki, Ağ Ev oktyabrın 23-də Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukraynanın Alyoşkidə atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.

Razılaşma humanitar yardımların çatdırılması və mülki əhalinin xüsusi təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə şərait yaradılmasını nəzərdə tutur.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin Silahlı Qüvvələri oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində atəşi dayandıraraq humanitar əməliyyata hazırlıq məqsədilə atəşkəs rejimi tətbiq edib.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə humanitar karvanların təhlükəsiz hərəkətinin təmin olunması üçün mühəndis kəşfiyyatı tədbirlərinin həyata keçiriləcəyini bildirib.