Naxçıvan Ali Məclisinin nümayəndələri Avropa Şurası Konqresinin 51-ci sessiyasında iştirak edirlər

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin nümayəndələri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 51-ci sessiyasında iştirak edirlər.

Oktyabrın 27-də Fransanın Strasburq şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 51-ci sessiyası öz işinə başlayıb.

Oktyabrın 29-dək davam edəcək sessiyada Azərbaycan nümayəndə həyətinin tərkibində Naxçıvan MR Ali Məclisinin nümayəndələri də iştirak edirlər.

İlk gün Konqresin Monitorinq, İdarəetmə, eləcə də Sosial İnklüzivlik komitələrinin iclasları keçirilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov İdarəetmə, Ali Məclis sədrinin müavini Arzu Abdullayev Monitorinq, Ali Məclisin deputatı Xumar Məmmədova isə Sosial İnklüzivlik komitələrinin iclaslarında iştirak ediblər.

Komitə iclaslarından sonra Konqresin 51-ci sessiyasının açılış mərasimi keçirilib.

Qeyd edək ki, sessiyanın gündəliyinə Konqresin 2026–2031-ci illər üzrə prioritetlərinin müəyyənləşdirilməsi, yerli və regional səviyyələrdə demokratiyanın möhkəmləndirilməsi, yerli özünüidarəetmə sisteminin inkişafı, regionlararası əməkdaşlıq və böhranlar zamanı dayanıqlılığın artırılması ilə bağlı məsələlər daxil edilib.