Səməd Bəşirli: Hədəfimiz iqtisadiyyatın mürəkkəbliyini və əlavə dəyəri artırmaqdır

Azərbaycanın gələcək dövr üçün hədəfi iqtisadiyyatın mürəkkəbliyini artırmaqdır. Məqsədimiz sadəcə daha çox mal və xidmət istehsal etmək deyil, daha çox əlavə dəyər yaratmaqdır.

Bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışı mərasimində deyib.

O qeyd edib ki, yeni sənaye sahələrinin inkişafı üçün yeni texnologiyaların mənimsənilməsinə, səmərəliliyi artıra və məhsuldarlığı yüksəldə bilən insanlara ehtiyac var:

“Hədəfimiz rəqəmsal bacarıqlara malik, dəyişikliklərə uyğunlaşa bilən və qlobal miqyasda rəqabətədavamlı işçi qüvvəsi formalaşdırmaqdır. Süni intellekt, məlumatların emalı, kibertəhlükəsizlik və texnologiyalardan səmərəli istifadə kimi sahələrdə bacarıq çatışmazlığını aradan qaldırmalıyıq.

Rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması yalnız bir qurumun fəaliyyəti ilə mümkün deyil. Bunun üçün dövlət siyasətinin, biznesin tələbatının və akademik mükəmməlliyin bir-biri ilə uzlaşdırıldığı sistemli tərəfdaşlıq tələb olunur”.