Azərbaycan startaplarının beynəlxalq innovasiya şəbəkələrinə çıxışı dəstəklənə bilər.
Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ADA Universitetində İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji tərəfdaşlığı ilə yaradılan İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışında bildirib.
"Bu, insan kapitalı sahəsində ilk əməkdaşlığımız deyil. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "PAŞA Holdinq" MMC indiyə qədər İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə bacarıqların və insan kapitalının inkişafına yönəlmiş təşəbbüslərdə tərəfdaşlıq ediblər. Onların fəal iştirakı ilə "Coursera" ilə birgə həyata keçirilən Azərbaycan Bacarıqlar Akseleratoru (Azerbaijan Skills Accelerator) və 4SI Akademiyası bu əməkdaşlığın uğurlu nümunələrindəndir. SABAH.city innovasiya kampusu da universitetləri, tədqiqat laboratoriyalarını, texnologiya şirkətlərini, startapları və digər ekosistem iştirakçılarını bir araya gətirən yanaşması ilə seçilir. Bu təşəbbüslər göstərir ki, istedadların inkişafı üçün hökumət, biznes, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlıq, eləcə də düzgün qurulmuş ekosistem vacibdir", - deyə o qeyd edib.
Nazir müavini deyib ki, Süni İntellekt Mərkəzi (AI Hub) Azərbaycanın iqtisadi transformasiyasına üç istiqamətdə mühüm töhfə verə bilər: "Bunlar, liderlik, bilik və yeni biznes layihələridir. Birinci istiqamət dəyişikliklərin idarə olunması, qərarların qəbulunun təkmilləşdirilməsi və texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması üçün güclü liderliyin formalaşdırılmasıdır. İkinci istiqamət əsaslandırılmış iqtisadi siyasətin hazırlanmasında mühüm rol oynayan sübutlara əsaslanan tədqiqatların və beynəlxalq təcrübənin tətbiqidir. Üçüncü istiqamət isə Azərbaycan startaplarının və sahibkarlarının beynəlxalq innovasiya şəbəkələri, investorlar və təcrübə ilə əlaqələndirilməsidir. Bu, perspektivli ideyaların dayanıqlı bizneslərə çevrilməsinə, yeni bazarlara çıxışa və investisiyaların cəlb edilməsinə kömək edə bilər. Azərbaycan innovasiyalara sadiqliyini konkret təşviq mexanizmləri ilə dəstəkləyir. Startaplar, onların investorları və texnoparklardan kənarda fəaliyyət göstərənlər də daxil olmaqla texnoloji rezidentlər tədqiqat və inkişaf, vençur investisiyaları və beynəlxalq istedadların cəlb edilməsi üçün nəzərdə tutulan stimullarla yanaşı, 20 ilə qədər müddəti əhatə edən geniş vergi güzəştləri paketindən faydalana biləcəklər".