Moratinos: Hər şeyi öz gözlərimlə gördüm, Qarabağda mədəni abidələr dağıdılmışdı

Münaqişələr zamanı abidələr və ibadət yerləri toxunulmaz olmalıdır.

Bunu BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar" adlı panel sessiyada deyib.

O, Azərbaycanın mədəniyyətlərarası dialoq istiqamətində həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirdiyini vurğulayaraq Azərbaycan hökumətinə bu sahədəki fəaliyyətinə görə təşəkkür edib.

"Müharibədən sonra mən hər şeyi öz gözlərimlə gördüm. Qarabağda mədəni abidələr dağıdılmışdı, hətta torpaqlar yandırılmışdı, məhv edilmişdi. Bütün bunları açıq şəkildə açıqlamalarımda da danışmışam. Çünki insanların ibadət yerlərinin, mədəni irsinin dağıdılması yolverilməzdir".