Hakimlərə tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

Hakimlər məhkəmə iclaslarını elan olunmuş vaxtda başlamalı, işlərə əsassız gecikmələrə yol vermədən baxmalı, vətəndaşlarla ünsiyyətdə təhqiramiz və alçaldıcı ifadələr işlətməməlidirlər. Yeni etik tələblər hakimlərin iş intizamını, davranışını, məhkəmə geyimindən istifadə qaydalarını və xarici səfərlər zamanı məsuliyyətini də əhatə edir.

Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, Hakimlərin Etik Davranış Kodeksinin yeni redaksiyasında hakimlərin peşə fəaliyyəti və xidməti davranışları ilə bağlı bir sıra tələblər müəyyənləşdirilib.

Müddəalara əsasən, hakim məhkəmə icraatı zamanı və ya xidməti fəaliyyəti ilə bağlı digər şəxslərlə ünsiyyətdə ironik, təhqiramiz və alçaldıcı ifadələr işlətməməli, qeyri-rəsmi hərəkət və davranışlara yol verməməlidir. O, həmçinin ictimai qaydaya və əxlaqa xələl gətirə biləcək, cəmiyyət tərəfindən hörmətsizlik kimi qəbul olunan və ya məhkəmə hakimiyyətinin nüfuzuna zərər vuran davranışlardan çəkinməlidir.

Yeni tələblərə görə, hakim məhkəmədə müəyyən edilmiş iş vaxtına riayət etməli, məhkəmə iclaslarının elan olunmuş vaxtda başlanmasını təmin etməli, üzrlü səbəb və ya xidməti zərurət olmadan iş vaxtı ərzində iş yerini tərk etməməli, xidməti vəzifələrinin icrasından yayınmamalıdır.

Hakimlər icraatlarında olan iş və materialları prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlərdə həll etməli, əsassız gecikmələrə və süründürməçiliyə yol verməməlidirlər. Məhkəmə aktlarının, protokolların və digər prosessual sənədlərin qanunla müəyyən olunmuş müddətdə və qaydada hazırlanması, imzalanması, rəsmiləşdirilməsi və aidiyyəti üzrə göndərilməsi də hakimin vəzifələrinə daxildir.

Kodeksdə hakimlərin məhkəmə hakimiyyətinin rəmzlərinə və xüsusi geyiminə münasibəti ilə bağlı da tələblər yer alıb. Hakimlər məhkəmə iclaslarında mantiyanı düzgün və qüsursuz geyinməli, ondan və məhkəmə hakimiyyətinin rəmzlərindən məhkəmə sisteminin nüfuzuna xələl gətirə biləcək şəraitdə istifadə etməməlidirlər.

Bundan başqa, hakim xidməti vəsiqəsindən, xidməti və ya diplomatik pasportundan, eləcə də hakim statusundan xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan şəxsi maraqları üçün istifadə etməməlidir.

Xarici ölkələrə ezam olunan hakimlər ezamiyyətin məqsədlərinə, beynəlxalq tədbirlərin proqramına və işgüzar etika qaydalarına əməl etməlidirlər. Onlar olduqları ölkənin adət-ənənələrinə, milli dəyərlərinə, əxlaq və birgəyaşayış qaydalarına hörmətlə yanaşmalı, Azərbaycan Respublikasının və təmsil etdikləri məhkəmə hakimiyyətinin nüfuzuna zərər vura biləcək hərəkət və ya hərəkətsizliyə yol verməməlidirlər.

Kodeksin əvvəlki redaksiyasında isə proses iştirakçılarının hamısına bərabər münasibət göstərilməsi, onlardan heç birinə üstünlük verilməməsi, eləcə də tərəflərə, müdafiəçilərə, dövlət ittihamçılarına və şahidlərə qarşı nəzakətli davranılması ayrıca vurğulanırdı. Hakimdən proses iştirakçılarının bir-birinə və məhkəməyə hörmətlə yanaşmasını tələb etmək, məhkəməyə açıq hörmətsizlik göstərən şəxslərə qarşı tədbir görmək də tələb olunurdu.