Mombasa qubernatoru Azərbaycan nümayəndə heyəti ilə görüşüb (FOTO)

Keniyanın zəngin tarixə malik, turizm mərkəzi olan Mombasa vilayətinin qubernatoru Abdulsamad Şərif Nasir Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycanın Keniyadakı Səfirliyindən bildirilib ki, görüş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) maliyyə dəstəyi ilə Mombasadakı “Fort Jesus” Dünya İrsi Kompleksində yenilənmiş Suahili Mədəniyyət Kitabxanasının açılışı və “İRS-Urithi” jurnalının suahili dilində ilk sayının təqdimatı ilə əlaqədar Azərbaycandan gələn nümayəndə heyətinin səfəri çərçivəsində keçirilib.

Görüşdə qubernator rəhbərlik etdiyi Mombasa vilayəti ilə Azərbaycan arasında genişlənən əməkdaşlığı yüksək qiymətləndirib. O, bu əlaqələrin Keniya ilə Azərbaycan arasında dinamik inkişaf edən münasibətlərin məntiqi davamı olduğunu vurğulayıb.

Abdulsamad Şərif Nasir həm Mombasa vilayəti, həm də Keniya üçün xüsusi əhəmiyyət daşıyan “Fort Jesus” muzey kompleksində Suahili Mədəniyyət Kitabxanasının yenilənməsinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, “İRS” jurnalının suahili dilində ilk sayının nəşrini də yüksək qiymətləndirib.

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, öz növbəsində qeyd olunan layihələrin həyata keçirilməsində göstərdikləri dəstəyə görə keniyalı tərəfdaşlara, o cümlədən qubernatorun ofisinə minnətdarlığını bildirib. O, bu cür mədəni təşəbbüslərin xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanı möhkəmləndirdiyini vurğulayıb.

“İRS” beynəlxalq jurnalının baş redaktoru, Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmaları Mərkəzinin direktoru Musa Mərcanlı təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. O bildirib ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində cari ildə Mombasadan olan iki tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsilə başlaması bu əməkdaşlığa töhfə verir.

Görüşün sonunda qubernator Keniyadakı diplomatik fəaliyyətini başa vurmağa hazırlaşan səfir Sultan Hacıyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.