Türkiyəli jurnalist və siyasətçi, MHP üzvü İsa Yaşar Tezel Azərbaycanla bağlı paylaşımında məktəbli geyimi ətrafında Türkiyədə aparılan müzakirələrə toxunub və Prezidentin baş müşaviri Oqtay Saralın səsləndirdiyi fikirləri kəskin şəkildə qınayıb.
"Tv Musavat"ın canlı yayımına qoşulan İsa Yaşar Tezel Oqtay Saralın açıqlamasının Türkiyə ictimaiyyətində və xüsusilə millətçi dairələrdə ciddi narazılıq doğurduğunu bildirib. O qeyd edib ki, bu cür əsassız və səhv davranışlar Azərbaycana qarşı fəaliyyət göstərən müəyyən dairələrə və anti-iqtidar qruplara əlavə arqument verərək vəziyyəti alovlandırıb, lakin Türk ictimaiyyəti və millətçilər buna dərhal sərt reaksiya göstəriblər.
Siyasətçi vurğulayıb ki, Azərbaycandan Türkiyəyə, Türkiyədən isə Azərbaycana baxış hər zaman qardaşlıq və tək yumruq prinsipinə əsaslanır: "Ülküçülər, turançılar, Azərbaycanı həqiqətən sevən və "mən türkəm" deyən hər kəs bu açıqlamaya şiddətlə etiraz etdi. MHP sədri cənab Dövlət Baxçelinin Azərbaycana dəstək açıqlamasından sonra isə məsələ tamamilə öz həllini tapdı. Azərbaycan liderinin qətiyyətli mövqeyi və cənab Baxçelinin dəstəyi ilə bu səhifə qapanmış hesab olunur".
İsa Yaşar Tezel iki ölkə arasındakı qardaşlıq bağlarının heç bir fərdi və qeyri-peşəkar açıqlama ilə zədələnə bilməyəcəyini əlavə edib.\\Musavat.com