Xaricə səfər edənlərin sığortasına maraq artır: yığımlar 60% yüksəlib

Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası bazarında cari ilin yanvar-sentyabr ayları üzrə göstəricilər açıqlanıb.

Azərbaycan Mərkəzi Bankına istinadən, 2026-cı ilin ilk doqquz ayında bu sığorta növü üzrə 7 milyon 715 min manat sığorta haqqı yığılıb, sığorta ödənişləri isə 838 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə 4 milyon 808 min manat yığım toplanmış, 429 min manat məbləğində sığorta ödənişi həyata keçirilmişdi.

2026-cı ilin yanvar-sentyabr aylarında yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 907 min manat (və ya 60.5%) artaraq 4.81 milyon manatdan 7.72 milyon manata yüksəlib. Hesabat dövründə sığorta ödənişlərində də ciddi artım qeydə alınıb. Ötən ilin müvafiq dövründəki 429 min manatlıq ödənişlə müqayisədə cari ilin 9 ayında ödənişlər 409 min manat (və ya 95.3%) artaraq 838 min manata çatıb.