“Yaxşı dost dar gündə bilinər” deyib atalarımız. Və son zamanlar baş verənlər bizə dostu, düşməni daha yaxşı tanıtdı. Bəzi ölkələr sözdə Azərbaycana “dost, qardaş” desə də bu sözlərin siyasi manipulyasiya aləti olduğu ortaya çıxdı.
Məlum oldu ki, bəzi dövlətlər Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq, vətəndaş qarşıdurması yaratmaq üçün pusquya yatıblarmış. Və həmin dövlətlərin siyasi dairələri üçün Beynəlxalq hüquq, digər ölkələrin daxili işlərinə qarışmamaq fikri də prinsipial əhəmiyyət daşımır. Hələ ortaq tarixi, din-dil qardaşlığını və digər dəyərləri demirik...
MÖVZU İLƏ BAĞLI:
Son bir ayda Azərbaycanda orta təhsil müəssisələrində vahid məktəbli formasının tətbiq olunmasını bəzi xarici qüvvələr, o cümlədən də İran İslam Respublikasının siyasi dairələri fürsətə çevirmək istəyirlər. Bu məsələdən siyasi divident qazanmaq istəyənlər bəzən “Papadan daha katolik” olduqlarını sübut etməyə çalışırlar. Belə simulyatorlardan biri də İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafdır. O sosial şəbəkə üzərindən Azərbaycandakı hicablı qızları İrana təhsil almağa dəvət edib.
İranlı nazir İslami dəyərləri necə tapadalayır?
“Ağeyi Hüseyn” bu bəyanatı ilk növbədə İslami dəyərləri ayaq altına atıb, Quran-Kərimə çox böyük hörmətsizlik edib. Çünki İslam dinində mehriban qonşuluq münasibətləri imanın bir parçası və ən mühüm mənəvi vəzifələrdən biri hesab olunur. Qurani-Kərimdə və Məhəmməd Peyğəmbərin (s.a.s.) hədislərində qonşunun hüquqlarının qorunması, onlara yaxşılıq edilməsi və zərər verilməməsi israrla vurğulanır.
Ona görə də İranlı nazirin məlum bəyanatı onun müsəlman olmasını şübhə altına alır. İslam dəyərlərini və Qurani-Kərimin tələblərini ayaqlar altına atan birisinin çıxışı bu mənada təxribatdır, düşmənçilikdir.
Beynəlxalq hüquq da bir kənara atılıb
Hər kəs yaxşı bilir ki, başqa dövlətlərin daxili işinə qarışmaq, həmin ölkədə vətəndaş qarşıdurması yaratmaq beynəlxalq hüquqa tamamilə ziddir. Özünə hörmət edən dövlət və onun təmsilçisi heç zaman başqa ölkələrdə qarışıqlığın yaranmasından dividend qazanmağa çalışmaz.
Di gəl ki, iranlı nazir azərbaycanlıları açıq şəkildə vətəndaş itaətsizliyinə çağırır. Və yalançı vəd də verir ki, sizi Azərbaycanda incidirlərsə, İran sizə sahib çıxa bilər.
Bəs, elə isə İran dövləti niyə öz vətəndaşlarına sahib çıxmır?
Hazırkı İran özünü İslam ölkəsi adlandırdığı gündən bu yana İslam dəyərlərini ayaqlar altına atmaqla yanaşı, öz vətəndaşlarına çox dəhşətli həyat bəxş edib.
Tək bir faktı deyək ki, İslam inqilabından sonra 6 milyondan artıq iranlı öz vətənini tərk etmək məcburiyyətində qalıb. BMT-nin və müxtəlif beynəlxalq miqrasiya təşkilatlarının hesabatlarına əsasən, hazırda təxminən hər 15 iranlıdan biri mühacir həyatı yaşayır.
Budurmu İran hökumətinin öz vətəndaşlarına göstərdiyi qayğı? Öz vətəndaşına sahib çıxmayan bir ölkə başqa ölkələrin vətəndaşlarına necə qucaq aça bilər?
Yaxşı olar ki, İranın təhsil naziri Azərbaycana dil uzatmaq əvəzinə bu suallara cavab versin.
Deməli, məqsəd kimlərəsə qucaq açmaq yox, kimlərinsə rahat və sülh şəraitində yaşadığı ölkədə qarışıqlıq yaratmaq, insanları qarşıdurmaya sürükləməkdir.
Nazir bacarırsa, 35 milyon azərbaycanlının təhsilinə diqqət ayırsın.
Məlumdur ki, İran əhalisinin yarısı azərbaycanlılardır. Bununla belə molla-fars rejiminin hakimiyyətdə olduğu 47 ildə 35 milyon azərbaycanlıya öz dilində təhsil almaq və oxumaq hüququnu tanımayıb.
Halbuki, İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsi etnik azlıqların öz ana dillərində təhsil almasını və mətbuat qurmasını qanuni olaraq tanıyır. Amma bu maddənin icrasını sistemli şəkildə azərbaycanlılara qarşı bloklanıb.
Budurmu din qardaşlığı?
Di gəl ki, İrandakı 60 min erməniyə rəsmi Tehran bütün hüquqları tanıyıb. Hazırda İranda 50-dən artıq ermənidilli orta məktəb var. Çox sayda mətbu orqanı erməni dilində nəşr olunur. Bundan başqa İsfahan Universitetində erməni dili kafedrası fəaliyyət göstərir. 1995-ci ildən Azad İslam Universitetində erməni dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsi təsis edilib.
Bir ovuc erməniyə bu qədər hüquq tanıyan İslam dövləti niyə 35 milyonluq azərbaycanlılara heç bir hüquq tanımır? Bu gün ölkənin ali dini lideri də, prezident də milliyətçə azərbaycanlıdır. Prezident Məsud Pezeşkian həm daxili auditoriya qarşısında, həm də beynəlxalq görüşlərdə rahat şəkildə Azərbaycan dilində danışır. Deməli rejim istəsə, çox müşkül aradan qalxar. Amma istəmir.
Yəni, Hüseyn Simayi-Sərrafın ideoloqu və təmsilçisi olduğu rejimin etdikləri nə dinə, nə imana, nə də ki, insanlığa sığmır. Din qardaşına heç bir ölkədə bu qədər basqı, haqsızlıq edilmir. Amma sənin təmsil etdiyin İran hökuməti həm din qardaşına, həm də öz vətəndaşına o qədər haqsızlıq edir ki, onları sadalamaqla bitməz.
Bütün bunlardan sonra Azərbaycana dil uzatmaq heç bir əndazəyə sığmır.
İrana təhsil almağa gedənlərin acı taleyi
Hələ onu demirik ki, Azərbaycanlı qızların vaxtilə İranda təhsilə cəlb edilməsinin çox acı təcrübəsini yaşamışıq.
Müstəqilliyimizin ilk illərində Quranli-Kərimi öyrətmək adı ilə çox sayda qız İrana aprıldı. Onların çoxunun sonrakı taleləri bu günə qədər müəmma olaraq qalır. Yetkinlik yaşına çatmayan azərbaycanlı qızların ilk gündən iranlı ayətullalara siğə edilməsi barədə internet resurslarında kifayət qədər məlumat var.
Yoxsa, sən də Şeyx Nəsrullah kimi eşqə düşmüsən? Dini cəhalətin təsiri altında olan valideynlərin məktəbli qızlarını öz mundar yatağına salmaq istəyirsən?
Yoxsa sən hara İslam təəssübkeşliyi hara... İslama hörmət edən kəs ilk növbədə öz ölkəsinin vətəndaşlarına, sonra isə din qardaşlarına hörmət və izzət göstərməlidir. Bunlarınsa heç biri iranlı nazirdə yoxdur.
Üstəlik, iranlı nazir öz çıxışı ilə təkcə özünün yox, bütövlükdə rejimin mahiyyətini ortaya qoyub.
Sonda bir xatırlatma
Uzun illərdir ki, İranda qadınlar və qızlar hicaba “yox” deyir. Rejimin bütün amansız işgəncələrinə rəğmən İranda hər gün onlarla qız, qadın hicabdan imtina edir.
Belə vəziyyətdə biz də dünyəvi ölkə olaraq bu məsələdən istifadə edərək hicabdan imtina edən qızları Azərbaycan təhsilə dəvət edə bilərik.
Ağayi Hüseyn, səncə necə olar?
Amma biz bunu etmirik və etməyəcəyik də. Çünki biz ilk növbədə İslami dəyərlərə hörmətlə yanaşırıq. İkincisi, biz qonşu dövlətlərdə sülhün və rifahın olmasını istəyirik, bütün qonşularımızın dövlət quruluşuna və suveren hüquqlarına hörmətlə yanaşırıq.
Ən nəhayət, bizim üçün təhsil körpüdür, siyasi təsir aləti deyil. Dostluq isə dəvətlə deyil, səmimiyyətlə sübut olunur.
Elə Elm və Təhsil Nazirliyinin məsələ ilə bağlı açıqlamasında deyildiyi kimi:
“Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır.
İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar”.
Surxay Atakişiyev, Bizim.Media