Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” və “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları” təsdiqlənib.

Ölkə.az-ın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qərar 2026-cı il sentyabrın 15-dən tətbiq edilir.

Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı

Ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilir:

Sıra №-si · Ümumi təhsil müəssisələrinin növləri · Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla)

1. · Tam orta ümumtəhsil məktəbi · 2000

2. · Lisey · 2200

3. · Gimnaziya · 2200

4. · Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi · 2500

5. · İnternat tipli lisey · 3000

6. · İnternat tipli gimnaziya · 3000

Qeyd. Bu Sənədə əsasən müəyyən edilmiş məbləğlər baza məbləğlər olub, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”na uyğun olaraq artım əmsalları tətbiq edilir.