“Azərbaycana qarşı kampaniyada iştirak qardaşlığa qarşı cinayətdir” - AKP iqtidarı ilə bağlı ÇAĞIRIŞ

"Türkiyədə hakim AKP-nin ətrafındakı şəxslərin hicab məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə etməsi yolverilməzdir. Çünki bu, iki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirir. Artıq həm Türkiyə cəmiyyətində, həm də Azərbaycanda narahatlıq yaranıb. İki ölkə arasındakı qardaşlığın ən mühüm şərti və zəruri tələbi hər iki ölkənin suverenliyinə sona qədər hörmət etmək, onların daxili işlərinə müdaxilə etməməkdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev səsləndirdi. O vurğuladı ki, buna görə də Türkiyə prezidentinin yanında yüksək vəzifə tutan Oktay Saralın Azərbaycana qarşı belə bir addım atması mənfi rol oynadı:

"Bu cür mövqe sərgiləyən başqa şəxslər də var. Yaxşı ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə zəng etməsindən sonra müəyyən ümid yaranıb ki, Türkiyədən Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd göstərən şəxslər bundan sonra belə addımlardan çəkinəcəklər. Bunun ən mühüm əlamətlərindən biri isə Türkiyə hakimiyyətinin həmin şəxslərə və onların atdıqları addımlara lazımi qiymət verməsidir.

Əlbəttə, rəsmi şəxslərin Azərbaycana qarşı kampaniyada iştirak etməsi mənəvi baxımdan qardaşlığa qarşı bir cinayətdir. Buna müvafiq səviyyədə rəsmi qiymət verilməlidir. Çox yaxşı olardı ki, Oktay Saralın bu məsələ ilə əlaqədar vəzifədən uzaqlaşdırılması barədə hakim partiya və ya Türkiyə Prezidentinin Administrasiyası tərəfindən xüsusi açıqlama veriləydi. Təəssüf ki, Oktay Saralın məhz hansı səbəbdən vəzifəsindən ayrılması və ya vəzifədən kənarlaşdırılması ilə bağlı konkret və dəqiq məlumat yoxdur. Jurnalistlərin Oktay Sarala təzyiqləri nəticəsində o, istefasının Azərbaycana qarşı atdığı addımlarla əlaqəli olduğunu etiraf edib. Lakin onun Azərbaycana qarşı bu cür ifratçı və müdaxilə xarakterli addımı nə üçün atması ilə bağlı Azərbaycan cəmiyyətində hələ də şübhələr qalır. Ona görə də Oktay Saralın vəzifədən hansı səbəbdən ayrılması ilə bağlı Türkiyənin rəsmi dairələri tərəfindən konkret və dəqiq məlumat verilməli idi. Təəssüf ki, bu günə qədər belə bir açıqlamanın şahidi olmamışıq. Bununla belə, baş verənlər Türkiyə cəmiyyətinə bir mesajdır: Azərbaycana qarşı qərəzli addım atan şəxslərin hərəkətləri lazımi qiymətini almalıdır".

Müsahibimizin sözlərinə görə, Türkiyə hakimiyyətindəki digər şəxslər də Azərbaycanın daxili işlərinə müdaxiləyə görə məsuliyyət daşımalı olacaqlar:

"Bu məsuliyyətin təmin edilməsi üçün ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri, istər hicab məsələsi ilə, istərsə də başqa bir mövzu ilə əlaqəli olsun, cavabsız qalmamalıdır. İlk növbədə, belə hallara Türkiyə hökumətinin özü münasibət bildirməlidir. Düşünürəm ki, Türkiyə hökuməti Azərbaycanın daxili işlərinə müdaxilə edən şəxslərin fəaliyyətinə və bəyanatlarına konkret, ən azı siyasi qiymət verməsə, bu proseslərin qarşısını almaq çox çətin olacaq. Sözsüz ki, burada hədəf Azərbaycan-Türkiyə qardaşlığıdır. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq pozulmazdır və biz bu birliyi belə görürük. Təəssüf ki, AKP iqtidarına yaxın şəxslərin din bayrağı altında Azərbaycanın daxili işlərinə müdaxilə etməsi Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirir. Bu cür addımlara və müdaxilə cəhdlərinə lazımi qiymət verilməlidir ki, gələcəkdə təkrarlanmasın".