Mehdiabad qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar 147 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Təmir işləri başa çatanadək 147 nömrəli marşrutun avtobusları metronun “Azadlıq” stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək.
179 nömrəli marşrutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil edilib.