Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb.

Report-a istinadən, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov bildirib.

"Qarabağ və Şərqi Zəngəzurun bərpasında və yenidən qurulmasında məqsədimiz yalnız yaşayış məntəqələrini bərpa etmək deyil, həm də müasir infrastruktur və dayanıqlı inkişaf prinsipləri əsasında yeni şəhərlər və iqtisadi mərkəzlər formalaşdırmaqdır. Artıq işğaldan azad edilmiş ərazilərdəki 12 şəhərin hamısının baş planı hazırlanıb. Bununla yanaşı, 100-dən çox kənd və qəsəbə üzrə ərazi planlaşdırılması işləri başa çatdırılıb", - deyə o qeyd edib.

Şöbə müdirinin sözlərinə görə, ümumilikdə bu günə qədər Azərbaycanın 79 şəhərindən 68-nin yeni baş planları hazırlanıb, yaxud mövcud baş planları yenilənib: "Bu, həmin şəhərlərin növbəti 20 il üçün inkişaf çərçivəsinin müəyyən edilməsi deməkdir. Digər şəhərlərin baş planlarının hazırlanması da davam etdirilir. Bu prosesdə beynəlxalq təcrübənin öyrənilməsi və müasir şəhərsalma meyllərinin tətbiqi mühüm rol oynayır. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan, bildiyiniz kimi, bir neçə il bundan əvvəl təsdiq olunub. Sənəddə Bakının daha çoxmərkəzli, əlaqəli və tarazlı inkişafı nəzərdə tutulur. Yeni şəhər mərkəzlərinin formalaşdırılması, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, həmçinin keçmiş sənaye ərazilərinin transformasiyası planda əsas istiqamətlərdəndir".