"MiniBoss" proqramında şagirdlər layihələr hazırlamağı və onları təqdim etməyi öyrənirlər - Reportaj

"MiniBoss" Beynəlxalq Biznes Məktəbi 6-17 yaşlı uşaqlar üçün biznes, sahibkarlıq, maliyyə savadlılığı və liderlik bacarıqlarının inkişafına yönəlmiş xüsusi təhsil proqramı təqdim edir. Burada şagirdlər nəzəri biliklərlə yanaşı, öz biznes ideyalarını yaratmağı, layihələr hazırlamağı və onları təqdim etməyi öyrənirlər.

Bununla bağlı "Baku TV"nin "MiniBoss" Beynəlxalq Biznes Məktəbindən hazırladığı reportajında qeyd edilib.

Sujetdə vurğulanıb ki, məktəbdənkənar təhsil dedikdə musiqi məktəbi, idmanla yanaşı, artıq bu gün biznes məktəbini də siyahıya əlavə etmək mümkündür.

Reportajda bildirilib ki, məktəbin əsas xüsusiyyətlərindən biri uşaqlara öz ideyalarını sərbəst şəkildə inkişaf etdirmək imkanı yaratmasıdır. Şagirdlər fərqli fikirlər üzərində işləyir, onları biznes layihələrinə çevirir və hər bir mərhələdə müəllimlərin dəstəyindən yararlanırlar.

Tədris prosesi praktiki təcrübə ilə də müşayiət olunur. Çempionatdan əvvəl uşaqlar öz layihələrini təqdim edir və müəyyən məbləğdə maliyyə dəstəyi əldə edirlər. Daha sonra həmin vəsait hesabına real məhsul hazırlayır və çempionatda üç mükafatçı yer uğrunda mübarizə aparırlar.

Bu yanaşma uşaqlara biznes prosesini yaxından öyrənmək, komanda şəklində işləmək və öz ideyalarını reallaşdırmaq imkanı verir. Eyni zamanda, proqram onların ünsiyyət, özünüifadə və müstəqil qərarvermə bacarıqlarının inkişafına şərait yaradır.

Qeyd edilib ki, "MiniBoss" Beynəlxalq Biznes Məktəbinin şagirdləri mütəmadi olaraq müxtəlif ölkələrdən olan həmyaşıdları ilə beynəlxalq yarışlarda iştirak edir və mükafatlar qazanırlar. Növbəti dünya çempionatının isə bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsi planlaşdırılır.

"MiniBoss" proqramında şagirdlər layihələr hazırlamağı və onları təqdim etməyi öyrənirlər - Reportaj