Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları oktyabrın 29-da Şuşa və Füzuliyə səfər edəcəklər.

Trend-ə istinadən, bu fikirləri bazar ertəsi Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov 27-29 oktyabr tarixlərində keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

Nazir müavini bildirib ki, forumun proqramı çərçivəsində iştirakçıların işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa və Füzuliyə səfəri nəzərdə tutulub.

F.Cəfərov Şuşanın beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərdən də danışıb. O xatırladıb ki, Şuşa 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan olunub.

Onun sözlərinə görə, şəhərdə təşkil edilən beynəlxalq musiqi festivalları və ədəbi tədbirlər, eləcə də xarici ölkələrin şəhərləri ilə qurulan qardaşlaşma əlaqələri Şuşanın beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə verir.

Nazir müavini əlavə edib ki, bu ilin fevralında Şuşanın tarixi hissəsi İslam irsi siyahısına daxil edilib.