"Türkiyədə müəyyən dairələr Azərbaycanla Türkiyə arasında münasibətləri korlamağa cəhd etdilər. Təəssüf ki, bunların içərisində rəsmi şəxs və eyni zamanda hakim partiyanın bir neçə deputatı da oldu. Amma görünən ondan ibarətdir ki, Türkiyə ictimaiyyəti onlara çox sərt cavab verdi".
Bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, ziyalılar, ictimaiyyət nümayəndələri, siyasi partiya liderləri Azərbaycanla münasibətləri qorumağın vacibliyini, Azərbaycanın daxili işlərinə qarışmağın yolverilməzliyini vurğuladılar:
"Görünən odur ki, Türkiyə prezidenti yenə öz müdrikliyini göstərdi. Onun Azərbaycana qarşı qəbuledilməz bəyanatlar verən baş müşavirini işdən çıxarması, Azərbaycan Prezidentinə zəng edərək şəxsən onu sammitə dəvət etməsi və ikitərəfli məsələləri müzakirə etməsi onu göstərir ki, bizim dostluğumuzun, qardaşlığımızın alternativi yoxdur. Hər iki ölkə rəhbərliyi, hər iki ölkənin ictimaiyyəti bu dostluğun zəmanətçisidir və başqa hər hansı bir fikir mümkün deyil. Türkiyədə müəyyən dairələrin anti-Azərbaycan təbliği və fəaliyyəti isə budəfəki kimi, bundan sonra da baş verəcəksə, öz layiqli cavabını alacaq".
Deputat qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu təkcə sözlərə, rəsmi bəyanatlara, reallığa söykənmir:
"Bizim ümumi tariximiz, ümumi mədəniyyətimiz, ümumi dinimiz, dünya hadisələrinə ümumi baxışımız var. Hansısa bir məsələdə fərqlilik varsa, bu məsələdə qarşılıqlı surətdə bir-birimizin işlərimizə heç vaxt qarışmamışıq. Kimlərinsə rəsmi statusundan istifadə edərək bu məsələlərə gərginlik salması isə göründüyü kimi, mümkün olmadı. Bizim münasibətlərimiz bundan sonra da bütün sahələrdə ilk növbədə ən yüksək siyasi səviyyədə - möhkəm dostluq, qardaşlıq və müttəfiqlik səviyyəsində olacaq. Bizim aramızda fikir ayrılıqları yoxdur və ola bilməz. Biz bir millət, iki dövlətik. Yüksək səviyyəli müttəfiqik və hər iki ölkənin rəsmi hakimiyyəti, düşünən beyinləri bu dostluğun həmişə möhkəm olmasının vacibliyini vurğulayır və bu istiqamətdə real işlər görürlər".
Aydın Mirzəzadə vurğulayıb ki, son günlərdə Türkiyənin müəyyən nümayəndələrinin Azərbaycanın daxili işlərinə qarışacaq bəyanatlar verməsindən digər ölkələr istifadə etməyə çalışdılar:
"Bu, onların mətbuat orqanlarında, ayrı-ayrı şəxslərinin çıxışlarında göründü. Xüsusilə bundan Ermənistandakı radikal revanşist qüvvələr istifadə etməyə çalışdılar. Türkiyə-Azərbaycan münasibətləri möhkəmdir, əbədidir, xalqlarımız tərəfindən dəstəklənir və bundan sonra da belə olacaq. Hər hansı cəhdlərin nəticəsi budəfəki kimi uğursuz olacaq, öz layiqli cavablarını elə öz cəmiyyətləri tərəfindən alacaqlar. Bundan sonra da münasibətlərimizin həmişə yüksək səviyyədə olması üçün əlavə nə tədbirlər lazımdırsa, görüləcək. Bunu Azərbaycan və Türk xalqları istəyir, bunu seçdiyimiz liderlər cənab İlham Əliyev, hörmətli Rəcəb Tayyib Ərdoğan çox yüksək səviyyədə həyata keçirirlər və bundan sonra da münasibətlərimiz həmişə digər ölkələr üçün nümunə olacaq".