Moskvada terror cəhdi: Qafqazəsilli iki şəxs saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları 1991 və 1998-ci il təvəllüdlü iki qafqazəsilli vətəndaşı saxlayıblar. Həmin şəxslər Moskvanın raket hücumundan müdafiə (RHM) sisteminin əsas elementlərindən birinə və enerji obyektinə FPV-dronlar vasitəsilə hücum hazırlamaqda şübhəli bilinirlər.

“Kommersant” xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanının İctimaiyyətlə Əlaqələr Mərkəzi bəyanat yayıb.

FTX-nin məlumatına əsasən, şübhəlilərdən biri Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşı tərəfindən ələ alınıb. Cinayətin törədilməsi müqabilində ona maddi mükafat vəd edilib. Bu məqsədlə o, Rusiyaya gələrək yaxın əlaqələrindən olan bir tanışını da işə cəlb edib. Onlar Kalqa və Smolensk vilayətlərindəki gizli saxlanc yerlərindən əldəqayırma partlayıcı qurğuların tərkib hissələrini və FPV-dronları çıxarıblar.

Planın növbəti mərhələsində saxlancdan götürülmüş zərbə PUA-larının sazlanması, buraxılış üçün Moskva vilayətinə gətirilməsi və uçuşdan əvvəl işə salınması nəzərdə tutulurdu. FTX-nin mətbuat açıqlamasında bildirilir ki, "dronların sonrakı idarəedilməsi Ukrayna ərazisindən məsafədən həyata keçirilməli idi". Hər iki şəxs terror aktına hazırlıq mərhələsində yaxalanıb.

Saxlanılan şəxslər barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.4-cü maddəsinin 2-ci hissəsi (terror cəmiyyətində iştirak) ilə cinayət işi başlanılıb. Onların hər ikisi həbs edilib.