Milli Məclisin hazırkı və sabiq deputatlarının ailə üzvlərinin adı müxtəlif illərdə qətl, qanunsuz silah saxlama, dələduzluq, mənimsəmə və hakimiyyət nümayəndələrinə qarşı zor tətbiqi ilə bağlı cinayət işlərində hallanıb.
Bu hadisələr arasında həm məhkəmənin yekun hökm çıxardığı, həm də şəxslərin barəsində cinayət işi başlanması və ya ittiham irəli sürülməsi ilə nəticələnən hallar var.
Sonuncu belə hadisələrdən biri Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə ilə bağlıdır. O, 2026-cı il oktyabrın 23-də Bakının Xətai rayonunda yerləşən kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə əlaqədar saxlanılıb. Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Əhməd Əlizadəyə Cinayət Məcəlləsinin cinayətkar birlikdə iştirak və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı maddələri üzrə ittihamlar irəli sürülüb. İş üzrə araşdırma davam edir.
Deputat ailə üzvlərinin adı cinayət işlərində daha əvvəl də hallanıb.
2019-cu ildə Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər qohumları Lerikdəki “Relax” istirahət mərkəzində vergi əməkdaşları ilə baş verən insidentə görə saxlanılıblar. Həmin vaxt vergi orqanlarının əməkdaşlarının yoxlama aparmasına maneçilik törədildiyi və onlara müqavimət göstərildiyi bildirilirdi. Məlumata görə, Mirhəmid Nərimanlı və digər şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. 2020-ci ilin yanvarında isə İqbal Məmmədov oğlunun və yaxın qohumlarının məhkəmə qərarı ilə azadlığa buraxıldığını açıqlayıb.
Sabiq deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə də 2017-ci ildə cinayət işi üzrə həbs edilib.
Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi, yəni hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmə ilə bağlı ittiham irəli sürülüb. Məlumata görə, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib. Həmin ilin noyabrında isə cinayət işi üzrə məhkəmə iclasının keçirildiyi barədə məlumat yayılıb.
Sabiq deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun da adı qanunsuz silah saxlama ilə bağlı cinayət işində hallanıb.
Məlumata görə, onun idarə etdiyi avtomobilə baxış zamanı “Glock-19” markalı tapança, iki patron darağı və 38 patron aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq başa çatdırılaraq materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Əmiraslanovun barəsində isə 2020-ci ildə dələduzluq və rüşvət verməyə təhrik etmə ittihamları üzrə cinayət işi başlanıb.
Baş Prokurorluğun məlumatına istinadən yayılan xəbərlərdə onun ayrı-ayrı şəxslərdən işə düzəltmək, vəzifəyə təyin olunmağa kömək etmək və həbsdə olan şəxsin azadlığa buraxılmasına vasitəçilik etmək vədləri ilə pul aldığı iddia olunurdu. İstintaq materialları əsasında o, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi məhkəməyə göndərilib.
Sabiq deputat Dünyamalı Məmmədovun oğlu Elvin Məmmədov da külli miqdarda dələduzluq və mənimsəmə ittihamları ilə məhkəmə qarşısına çıxarılıb.
2019-cu ildə yayılan məlumatlarda onun rəhbərlik etdiyi “Happy Baku” MMC ilə bağlı 758 min manatlıq zərər iddiası müzakirə olunub. Şirkətin rəhbəri məhkəmədə ifadə verərək həmin məbləğin mənimsənildiyini iddia edib. Elvin Məmmədova Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə ittiham verildiyi bildirilib. Bu məlumatlar ittiham və məhkəmə prosesinə aiddir.
Sabiq deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovla bağlı hadisə isə yekun məhkəmə hökmü ilə nəticələnən işlər sırasındadır.
Məlumata görə, Rəşad Mirələmov 2012-ci ildə Bakıda “1001 gecə” istirahət mərkəzində baş vermiş və bir nəfərin ölümü ilə nəticələnmiş hadisə üzrə qətl, qətlə cəhd, hədə-qorxu ilə tələb etmə və qanunsuz silah saxlama daxil olmaqla bir sıra cinayətlərdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib.
Sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın da onunla birlikdə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanındığı barədə məlumat yayılıb. ONA-nın 2019-cu ildə yaydığı xəbərə görə, Hüseyn Abdullayev, anası və digər şəxslər barəsində olan iş Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə dələduzluq, hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və digər maddələr üzrə ittihamlar irəli sürülüb.
Qeyd edək ki, deputatın ailə üzvünün cinayət törətməsi öz-özlüyündə deputat mandatının avtomatik ləğvinə səbəb olmur. Mandatın itirilməsi qanunvericilikdə nəzərdə tutulan əsaslar və müvafiq hüquqi prosedurlar çərçivəsində qiymətləndirilir.