Niderland itkin düşmüş şəxslərin eyniləşdirilməsi və yerinin müəyyən edilməsinə kömək məqsədilə İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya vasitəsilə yeni maliyyə dəstəyi ayırıb. Bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Niderland Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir və tərəflərin ötən ildən bəri atdığı mühüm addımları alqışlayır.
Nazirin sözlərinə görə, hər iki ölkənin mövcud fürsətdən istifadə edərək sülh sazişinin imzalanmasına imkan verəcək praqmatik həll yolları tapması vacibdir. Niderland, həmçinin xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə etimad quruculuğu tədbirlərini dəstəkləyir.
Berendsen vurğulayıb ki, sülh sazişinin imzalanması iqtisadi əməkdaşlıq və daha geniş əlaqələr üçün yeni imkanlar yaradacaq. Onun sözlərinə görə, Niderland şirkətləri limanlar, nəqliyyat və logistika, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması sahələrində Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlıdırlar.
Nazir sabit və proqnozlaşdırıla bilən biznes mühitinin, qanunun aliliyinə və insan hüquqlarına hörmətin potensial investorların etimadının artırılması baxımından əhəmiyyətini də qeyd edib.
Berendsen əlavə edib ki, İranda gərginlik artarkən Azərbaycan Tehrandakı Niderland diplomatlarına kömək göstərib və onların Bakıda müvəqqəti sığınacaq tapmasına şərait yaradıb. Nazir bu dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.