“Mədəniyyətlərarası və dinlərarası dialoq, dini dözümsüzlük sahəsində ekspertlərimiz var. Onlar dinin və dini icmaların sülhün qurulmasına, barışığın təmin edilməsinə və sosial birliyin gücləndirilməsinə necə töhfə verə biləcəyini araşdıracaqlar. Eyni zamanda, müasir qlobal çağırışların həllində dinlərarası dialoqun mühüm rolunu vurğulayacaqlar”.
Bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Səad bildirdi.
“İkinci məsələ ilə bağlı cənab Cəfərovun da qeyd etdiyi kimi, forumun rəsmi açılışı sabah olacaq. Lakin forum başlamazdan əvvəl bir sıra tədbirlər keçirilib.
Bu il Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının təşkil etdiyi Gənclər Forumu xüsusilə əhəmiyyətlidir. Bu tədbir Mədəniyyətlərarası Dialoq üzrə əvvəlki Ümumdünya forumlarında təşkil etdiyimiz gənclər sessiyalarından fərqlənir”, - o qeyd etdi.
Direktor vurğuladı ki, bu dəfə Sivilizasiyalar Alyansının mentorluq proqramından və təlimlərindən faydalanmış məzunlar arasından 60-dan çox gənc bir araya gətirilir:
“Onlar öz təcrübələrini, təlimlərdən və mentorluq proqramlarından necə faydalandıqlarını bölüşmək üçün buradadırlar. Həmçinin əldə etdikləri bilikləri öz icmalarında necə tətbiq etdiklərindən danışacaqlar”.