Heydər Əliyev Sarayında səhnələşdirilən Cakkomo Puççininin məşhur "Turandot" operası böyük anşlaq və zəfərlə baş tutub. Səhnə əsərinin bu miqyasda uğur qazanmasının əsas memarı isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovdur.
Bu barədə tanınmış jurnalist Seymur Zəkəryayev sosial şəbəkə hesabında paylaşım edib.
Öz təəssüratlarını bölüşən S.Zəkəryayev qeyd edib ki, Yusif Eyvazov ən istedadlı kadrları ətrafına toplayaraq nəhəng bir layihəyə imza atıb:
"Yusif Eyvazov müasir və irəliləyişçi rejissorlardan biri olan Mikayılovu və möhtəşəm rəssam Mustafa Mustafayevi dəvət edərək ətrafına ən istedadlı insanları topladı. Əlbəttə ki, bu, böyük heyətin yalnız bir neçə üzvüdür. Hər kəs öz yerində idi və ən əsası, hər kəsin bu işə qəlbən yanaşdığı hiss olunurdu. Yerli truppa ilə yanaşı, italyan sopranosu Karmen Cannattazio və çilili tenor Diyeqo Qodoy kimi xarici ulduzlar da dəvət olunmuşdu. Birinci premyera axşamında dirijor pultu arxasında italyan Beatriçe Venezi dayanmışdı. Əlbəttə ki, möhtəşəm artistlərimiz, xor, orkestr və teatrın bütün böyük heyəti olmadan belə bir tamaşanı təsəvvür etmək mümkün deyil".
Paylaşımda Yusif Eyvazovun "Turandot" operasında bəstələnən məşhur "Nessun dorma" ariyası ilə dünya opera tarixində qazandığı uğurlara da diqqət çəkilib. Qeyd olunub ki, Y.Eyvazov 2019-cu ildə Nyu-Yorkun əfsanəvi "Metropolitan Opera" sahəsində Kalaf rolunu ifa edib, 2018-ci ildə "Deutsche Grammophon" tərəfindən onun ifası yazılıb, 2020-ci ildə isə "PBS" telekanalının "Great Performances at the Met" layihəsində yer alıb.
S.Zəkəryayev xatırladıb ki, Puççininin "Turandot" operasının 1926-cı ildə Milanın "La Skala" teatrında premyerasından 100 il ötür və bu əlamətdar ildə Bakıda belə bir möhtəşəm səhnə əsərinin təqdim olunması böyük hadisədir:
"Yusif dünya səhnələrindəki uğurları haqqında çox sakitdir, bunlardan demək olar ki, danışmır. Təəssüf ki, medianın da bu detallardan böyük ölçüdə xəbəri yoxdur. Mən onunla hələ beynəlxalq uğurlarından çox-çox əvvəl, yaradıcılığının ilk illərindən tanışam. Hər dəfə dünya səhnələrindəki dekorasiyaları, geyimləri görüb 'Yusif, bizdə belə tamaşalar ne vaxt olacaq?' soruşanda, o mənə 'Sema, olacaq, canım! Mən bunun üçün çalışıram!' deyirdi. Dünən isə biz danışdığımız hər şeyi sahədə gördük. Səhnədə bütöv bir şəhər ucaltmışdılar! İnanılmaz dərəcədə gözəl, ən kiçik detallarınadək düşünülmüş həqiqi, ciddi teatr səhnə tərtibatı idi. Ən vacibi isə bütün bunlar artıq bizdə — Bakıdadır!"
Seymur Zəkəryayev belə yüksək səviyyəli tamaşaların artıq normaya çevrilməsini arzuladığını bildirərək Yusif Eyvazova verdiyi sözü tutduğu və bu incəsənət bayramını bəxş etdiyi üçün təşəkkürünü ifadə edib.