SpaceX Nvidia çiplərinin alınması üçün 40 milyard dollar cəlb edib

ABŞ-nin raket-kosmik şirkəti SpaceX Nvidia çiplərinin alınması üçün 40 milyard dollar həcmində maliyyə cəlb edib. Bu barədə şirkətin rəhbəri İlon Mask X sosial şəbəkəsində bildirib.

“SpaceX GPU-lar üçün 40 milyard dollar borc vəsaiti cəlb edib”, – Mask yazıb. O, Nvidia-nın qrafik prosessorlarını nəzərdə tutduğunu qeyd edib.

Maskın sözlərinə görə, vəsaitin cəlb edilməsinə şirkətin investisiya səviyyəli kredit reytinqi, həmçinin Starlink peyk sistemindən və raket buraxılışlarından əldə edilən gəlirlər imkan verib.

Bununla belə, Bloomberg-in məsələ ilə tanış mənbələri bildirirlər ki, maliyyələşdirmənin yekun qiyməti və şərtləri ilə bağlı danışıqlar hələ davam edir.

Məlumata görə, təklif olunan maliyyələşdirmə xüsusi məqsədli fond vasitəsilə həyata keçirilə bilər. Məqsəd borcun SpaceX-in balansında əks olunmamasını və şirkətin investisiya səviyyəli kredit reytinqinin qorunmasını təmin etməkdir.