İKT sektoruna 9 ayda 377 milyon manat investisiya yönəldilib

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoruna yatırılan investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 57,3% artaraq 376 milyon 500 min manat təşkil edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) məlumatına görə, hesabat dövründə informasiya və rabitə sektoru üzrə gəlirlər real ifadədə 11,1% artaraq 3 milyard 257 milyon 100 min manat olub. Nəticədə sektorun ÜDM-də payı 2%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 2,9%-ə yüksəlib.

Nazirlikdən bildirilib ki, informasiya və rabitə sektoru rəqəmsal iqtisadiyyatın əsas dayaqlarındandır. İnternetə, mobil rabitəyə və rəqəmsal xidmətlərə artan tələbat bu sektorun əhəmiyyətini daha da artırır. Həyata keçirilən layihələr xidmətlərin əlçatanlığına və sektorun iqtisadi imkanlarının genişlənməsinə şərait yaradır.

İnformasiya və rabitə sektoruna qoyulan investisiyalar da yeni imkanların formalaşmasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə təkan verir.

Hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı sektorunda da iqtisadi göstəricilər yüksəlib. Yanvar–sentyabr aylarında sektorda yaradılan əlavə dəyərin həcmi 7 milyard 596 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10% çoxdur.

Bununla da nəqliyyat və anbar təsərrüfatı sektorunun ÜDM-də payı 7,4%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 10,6%-ə çatıb.

Sektorda göstərilmiş xidmətlərin həcmində də artım müşahidə olunub. Belə ki, hesabat dövründə məhsul buraxılışı real ifadədə 10% artaraq 12 milyard 816 milyon 600 min manata yüksəlib.

Müqayisə dövründə nəqliyyat və anbar təsərrüfatı sektoruna yatırılan investisiyalar 3 milyard 208 milyon 800 min manat təşkil edib. Bu, real ifadədə 9,7% artım deməkdir.

RİNN-in məlumatında qeyd olunub ki, Azərbaycanın coğrafi mövqeyi ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində iştirakını və tranzit imkanlarını genişləndirir. Nəqliyyat infrastrukturunun inkişafı, rəqəmsallaşma, yükdaşımaların səmərəliliyinin yüksəldilməsi və daşınma müddətinin azaldılması tranzit daşımaların rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

Nazirlikdən vurğulanıb ki, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı sektorları iqtisadiyyatın inkişafında mühüm yer tutur. Bu istiqamətlərdə fəaliyyətin genişlənməsi, xidmətlərə tələbatın artması və infrastrukturun yenilənməsi iqtisadi fəallığa müsbət təsir göstərir. Sektorlara cəlb olunan investisiyalar və gəlirlərdəki artım yeni inkişaf istiqamətlərinin formalaşdığını göstərir.

Sözügedən sahələrdə yeni layihələrin həyata keçirilməsi, texnoloji yeniliklərin tətbiqi və xidmət imkanlarının genişləndirilməsi gələcək inkişafa zəmin yaradır. Bu sektorların inkişafı iqtisadiyyatın davamlı artımını dəstəkləyir.