Uoll-strit investorları gərgin həftəyə hazırlaşırlar

Bazar ertəsi, oktyabrın 26-da Bakı vaxtı ilə saat 09:20-də ABŞ-nin S&P 500 indeksi üzrə fyuçerslər 0,26% yüksələrək 7 679,75 bənd təşkil edir. Ötən cümə günü S&P 500 indeksi 0,46% azalaraq 7 623,68 bəndə, Dow Jones 1,21% geriləyərək 52 216,94 bəndə düşüb. Nasdaq 100 isə demək olar ki, dəyişməyərək sessiyanı 28 958,54 bənd səviyyəsində başa vurub.

Bloomberg yazır ki, ABŞ bazarındakı ümumi neqativ əhval geosiyasi risklərlə bağlıdır. İnvestorlar ABŞ-nin Yaxın Şərqdə hərbi əməliyyatları yenidən başlada biləcəyindən ehtiyat edirlər. Bu fonda neft qiymətləri ötən həftə təxminən 6,5% yüksəlib. Bazar ertəsi səhər Brent markalı neft üzrə fyuçerslər geriləyərək bir barel üçün təxminən 114,8 dollara, WTI isə 101 dollara yaxınlaşıb.

ABŞ bazarındakı volatilliyin digər səbəbi Federal Ehtiyat Sisteminin (FED) gələcək pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənlikdir. Tənzimləyicinin növbəti iclası oktyabrın 27–28-də keçiriləcək. Baza ssenarisi FED-in faiz dərəcəsini 3,75–4% diapazonunda saxlayacağını nəzərdə tutur, lakin investorlar dekabrda faiz artımını da istisna etmirlər.

ABŞ səhmlərinə təzyiq göstərən digər amil davam edən maliyyə hesabatları mövsümüdür. Bu həftə S&P 500 indeksinə daxil olan şirkətlərin təxminən üçdə biri rüblük nəticələrini açıqlayacaq. İnvestorların əsas diqqəti şirkətlərin süni intellekt sektorundan əldə etdiyi gəlirlərə yönələcək.

Asiya bazarlarında vahid dinamika müşahidə olunmur. Nikkei 225 indeksi 0,36% azalaraq 62 469,29 bəndə, Kospi isə 0,7% geriləyərək 5 511,3 bəndə düşür. Hang Seng indeksi 0,44% artaraq 23 193,94 bəndə yüksəlir, Çinin Shanghai Composite indeksi isə 0,18% azalaraq 3 683,91 bənd təşkil edir.

Bir gün əvvəl Goldman Sachs strateqləri süni intellekt sektoru ilə bağlı narahatlıqlar səbəbindən Cənubi Koreyanın Kospi indeksi üzrə 12 aylıq proqnozlarını 25% aşağı salıblar. ABŞ investisiya bankının Kospi üzrə yeni hədəfi 9 000 bənd təşkil edir.