Yaponiya Rusiyanın revanşist hesab etdiyi siyasətinin mənfi nəticələri ilə üzləşə bilər.
TASS-a istinadən, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Çin şirkəti “Laolay Films”in “Unudulmuş general” adlı sənədli filmi üçün şərhində bildirib.
Zaxarovanın sözlərinə görə, Yaponiya hakimiyyəti İkinci Dünya müharibəsinin nəticələrini tam şəkildə qəbul etmir.
Diplomat iddia edib ki, Yaponiya məktəblərinin dərsliklərində qonşu dövlətlərə qarşı ərazi iddialarına xüsusi diqqət yetirilir, lakin Yaponiya ordusunun müharibə dövründə törətdiyi cinayətlər lazımi səviyyədə işıqlandırılmır.
Zaxarova bu yanaşmanı tarixi hadisələrə yenidən baxmaq cəhdi kimi qiymətləndirib və bunun ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, Rusiya bu risklərlə bağlı Yaponiya tərəfinə həm açıq şəkildə, həm də diplomatik kanallar vasitəsilə mütəmadi xəbərdarlıq edir.
Qeyd edək ki, Mariya Zaxarova daha əvvəl yaponiyalı jurnalistləri Rusiyanın mövqeyini işıqlandırmaq istəməməkdə ittiham edib. O, “Hokkaydo Şimbun” qəzetinin əməkdaşının Rusiyada saxlanılan həmkarı İmai Yuki-nin vəziyyəti və saxlanma şəraiti ilə bağlı sualına sərt reaksiya verib.