İsrailin Baş naziri Binyamin Netanyahu son günlərdə ABŞ Prezidenti Donald Trampa getdikcə daha çox müraciət edərək onun seçki kampaniyasına ictimai dəstək verməsini istəyib.
Bu barədə “Axios” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Amerikalı mənbə portala bildirib ki, Netanyahu son üç gündə Trampla iki dəfə danışıb və ondan İsrail baş nazirinə dəstək ifadə edən “Truth Social” sosial şəbəkəsindəki paylaşımlarını ikiqat artırmasını istəyib.
Portalın mənbəyinə görə, Netanyahu hətta əlavə dəstək bəyanatları üçün sözlər təklif edib.
Mənbə əlavə edib ki, Ağ Ev Netanyahunun aqressiv lobbiçiliyini "ümidsizlik əlaməti" və İsrail liderinin öz fikrincə seçki yarışında geridə qalmasının göstəricisi kimi qiymətləndirir.
Eyni zamanda, İsrail mənbəsi bildirib ki, İsrail Baş naziri Trampa ona daha da dəstək ifadə etmək üçün İsrail jurnalistləri ilə telefon danışığı təklif edib.
Tramp əvvəllər Netanyahunun parlament seçkilərində qalib gəlməsini istədiyini bildirmişdi.