Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub

Böyük Britaniya və İrlandiyada tüğyan edən "Boelo" fırtınası nəticəsində 57 mindən çox evin elektrik enerjisi təchizatı kəsilib.

"Sky News" telekanalının məlumatına görə, fırtına güclü küləklə müşayiət olunub. Şotlandiyanın bəzi ərazilərində küləyin sürəti saniyədə 38 metrə, İngiltərədə isə 31,1 metrə çatıb.

Oktyabrın 25-i səhər saatlarına olan məlumata görə, Böyük Mançester, Kambriya və Lankaşir də daxil olmaqla, İngiltərənin şimal qraflıqlarında 57 mindən çox ev elektrik enerjisiz qalıb.

Böyük Britaniyanın Meteorologiya Xidməti ölkənin şimalında sarı və narıncı səviyyəli hava xəbərdarlıqlarını qüvvədə saxlayır. Əlverişsiz hava şəraitinin ən ciddi nəticələri İngiltərənin cənub-qərbində, Cənubi Uelsdə, eləcə də Qərbi və Şərqi Midlends bölgələrində qeydə alınıb.

İngiltərə və Uelsin elektrik şəbəkəsini idarə edən "National Grid" şirkəti isə oktyabrın 23-də ölkəni vuran "Ostin" fırtınasından sonra elektrik təchizatı kəsilən 131 mindən çox evin və digər obyektin enerjiyə çıxışının bərpa edildiyini açıqlayıb.

Bundan başqa, bazar günü İrlandiya və Şimali İrlandiyada da minlərlə ev elektrik enerjisiz qalıb.