Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək

Almaniya Silahlı Qüvvələri noyabr ayında Polşada, Rumıniyada və Qara dənizin qərb hissəsində keçiriləcək "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək.

Bu barədə DPA agentliyinə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, Bundesverin "Koalisiya-2026" (Koalicja 2026) adlı təlimlərdə iştirakı "tərəfdaşlarla həmrəyliyin əlaməti" olmalıdır.

Almaniya təlimlərə 10 qərargah zabiti göndərəcək, həmçinin havada yanacaq doldurulması üçün iki ədədədək A400M hərbi-nəqliyyat təyyarəsi təqdim edəcək. Təyyarələr Almaniya ərazisindən uçuşlar həyata keçirəcək.

Bundan əlavə, Berlin qoşunların Almaniya ərazisindən təlimlərin keçiriləcəyi bölgəyə daşınması zamanı logistik dəstək göstərəcək.

Təlimlər noyabr ayında Polşa ərazisində, Rumıniyanın hava məkanında və Qara dənizin qərb akvatoriyasında keçiriləcək. Manevrlər zamanı Fransa və Böyük Britaniyanın rəhbərliyi altında formalaşdırılan, Ukrayna ilə mümkün atəşkəs razılaşmasına əməl olunmasını təmin etmək məqsədi daşıyan çoxmillətli müttəfiq qüvvələrin əməliyyat hazırlığının ilk dəfə yoxlanılması planlaşdırılır.

"The Times" qəzeti daha əvvəl mənbələrə istinadən təlimlərdə Böyük Britaniya, Polşa, Fransa və Almaniyadan azı 1 500 hərbçinin iştirak edəcəyini yazıb.

Qeyd edək ki, "İstəklilər koalisiyası" Ukraynaya dəstək məqsədilə 2025-ci ilin yazında yaradılmış, əsasən Avropa ölkələrindən ibarət 30-dan çox dövlətin qeyri-rəsmi birliyidir. Böyük Britaniya və Fransanın rəhbərliyi altında birliyin iştirakçıları Kiyev üçün təhlükəsizlik təminatları, o cümlədən Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra hərbi kontingentlərin mümkün yerləşdirilməsi məsələsi üzərində işləyirlər.