Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub

Rusiya ordusunun gecə saatlarında həyata keçirdiyi hava hücumları nəticəsində Ukraynanın doqquz bölgəsində enerji və kritik infrastruktur obyektlərinə ziyan dəyib.

Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Teleqram səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Dnepropetrovsk vilayətində atəş nəticəsində 4 nəfər ölüb, 11 yaşlı qız da daxil olmaqla 22 nəfər yaralanıb.

Vinnitsada pilotsuz uçuş aparatının çoxmərtəbəli binaya zərbəsi 6 nəfərin xəsarət alması ilə nəticələnib. Xarkovda isə tikinti hipermarketinə hücumdan sonra hadisə yerinə gələn təcili yardım əməkdaşları da hücuma məruz qalıb və xilasedicilər yaralanıb.

Zelenski bildirib ki, gecə ərzində istilik elektrik stansiyaları, yarımstansiyalar, kömür mədənləri, taxıl anbarları, ticarət mərkəzləri və poçt terminalı da hədəfə alınıb.

Ukrayna Prezidentinin açıqlamasına əsasən, təkcə son bir həftə ərzində Rusiyanın Ukraynaya təxminən 1600 idarəolunan bomba, ballistik raketlər də daxil olmaqla 48 müxtəlif növ raket və 2300-ə yaxın hücum dronu göndərdiyi bildirilir.

Zelenski qeyd edib ki, hücumlar demək olar ki, hər gün insan tələfatına səbəb olur və danışıqlar davam etdiyi müddətdə Ukraynanın müdafiəsinə dəstəyin fasiləsiz göstərilməsi vacibdir.