Təl-Əvivdə seçkiyə üç gün qalmış keçirilən kütləvi aksiyada hökumətin istefası və 7 oktyabr hücumu ilə bağlı müstəqil istintaq tələb edilib. Sorğular müxalifətin irəlilədiyini göstərsə də, Netanyahunun hakimiyyətdən gedəcəyi hələ dəqiq deyil.
İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Benyamin Netanyahuya qarşı etirazlar yenidən güclənib. Oktyabrın 24-də Təl-Əvivdə keçirilən mitinqin təşkilatçıları aksiyada 100 mindən çox insanın iştirak etdiyini bildiriblər. Bununla belə, polis iştirakçıların sayına dair rəsmi qiymətləndirmə açıqlamayıb.
"The Times of Israel", “Əl-Cəzirə”, "Reuters" və Avstraliyanın "ABC News" telekanalının məlumatlarına görə, nümayişçilər hökuməti 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun qarşısının alınmamasına görə məsuliyyət daşımağa çağırıblar. Aksiya seçkiyə bir neçə gün qalmış ölkədəki siyasi mübarizənin əsas hadisələrindən birinə çevrilib.
Mitinqin əsas tələbi: 7 oktyabr hadisələri araşdırılsın...
Təl-Əvivdə girovların ailələri ilə əlaqəli “Oktyabr Şurası” təşkilatının keçirdiyi aksiyada nümayişçilər 7 oktyabr hücumu zamanı baş vermiş təhlükəsizlik uğursuzluqlarını araşdırmaq üçün müstəqil dövlət komissiyasının yaradılmasını tələb ediblər.
Həmin hücum İsrailin təhlükəsizlik sisteminə ciddi zərbə vurmuş, ölkənin Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatlarına səbəb olmuşdu. Netanyahu hökuməti isə hadisələrin araşdırılması ilə bağlı müstəqil komissiya yaradılması tələbinə qarşı çıxaraq, üzvlərinin bir hissəsinin hökumət tərəfindən təyin ediləcəyi alternativ mexanizm təklif edib.
Etirazçılar bu modelin araşdırmanın müstəqilliyinə şübhə yaradacağını bildirirlər.
Aksiyada müxalifətin aparıcı simaları da iştirak ediblər. Onların arasında keçmiş Baş Qərargah rəisi, “Yaşar” partiyasının lideri Qadi Ayzenkot və “Demokratlar” partiyasının rəhbəri Yair Qolan da olub.
"The Times of Israel yazır" ki, mitinqdə iştirak edənlərin sayı təşkilatçıların açıqlamasına görə 100 mini ötüb. Lakin bu rəqəm müstəqil rəsmi hesablamayla təsdiqlənməyib.
Sorğular: Netanyahu geridədir, amma müxalifətin də problemi varş...
"Reuters"-in oktyabrın 19-da dərc etdiyi araşdırmaya əsasən, seçki öncəsi sorğularda Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət düşərgəsinin 120 yerlik Knessetdə 52 mandat, Netanyahunun sağçı və dini partiyalardan ibarət düşərgəsinin isə 50 mandat qazanacağı proqnozlaşdırılırdı.
Daha sonrakı sorğuların ümumiləşdirilməsi də rəqabətin yaxın keçdiyini göstərir. Middle East Forum-un oktyabrın 23-də yenilənmiş sorğu ortalamasında Netanyahunun düşərgəsi 53, müxalifət partiyaları 53, ərəb partiyaları isə 14 mandatla qiymətləndirilirdi. Bu hesablamalar müxtəlif sorğuların nəticələrinin ümumiləşdirilməsidir və yekun seçki nəticəsi deyil.
Burada mühüm məqam ondan ibarətdir ki, İsraildə hökumət qurmaq üçün 120 deputatlıq parlamentdə ən azı 61 mandat lazımdır. Deməli, müxalifət partiyalarının birlikdə daha çox yer qazanması belə, onların avtomatik olaraq hökumət quracağı anlamına gəlmir.
Ərəb seçicilərin fəallığı nəticəyə təsir edə bilər...
Ərəb mediasında seçkiqabağı təhlillərin əsas mövzularından biri ərəb əsilli İsrail vətəndaşlarının səsvermədə iştirak səviyyəsidir.
“Əl-Şərq” nəşrinin oktyabrın 23-də dərc etdiyi təhlildə qeyd olunur ki, müxalifət düşərgəsi ərəb partiyalarının mandatları da nəzərə alındıqda parlamentdə say üstünlüyü əldə edə bilər. Lakin müxalifət liderlərinin ərəb partiyaları ilə birgə hökumət qurmaq məsələsindəki mövqeləri bu üstünlüyün siyasi nəticəyə çevrilməsini çətinləşdirir.
"Reuters"-in məlumatına görə, ərəb seçicilərin fəallığının yüksəlməsi ərəb partiyalarının parlamentdə təmsilçiliyini artıra və sağçı partiyaların hökumət qurmaq imkanlarına təsir göstərə bilər.
Bununla belə, ərəb partiyalarının qazandığı mandatların müxalifət düşərgəsinin hesabına avtomatik əlavə olunması düzgün yanaşma deyil. Əsas məsələ bu partiyaların koalisiyaya daxil olub-olmayacağı və ya gələcək hökumətə kənardan dəstək verib-verməyəcəyidir.
Netanyahu hansı səbəblərdən siyasi təzyiq altındadır?
Netanyahu hökumətinə qarşı narazılığın əsas səbəblərindən biri 7 oktyabr hücumunun qarşısının alınmamasına görə siyasi məsuliyyət məsələsidir. Bundan başqa, hökumətin təhlükəsizlik siyasəti, hərbi xidmətlə bağlı mübahisələr və dini partiyaların dövlət idarəçiliyindəki rolu da seçki kampaniyasının əsas mövzularındandır.
Müxalifət seçkiləri hökumətin fəaliyyətinə qiymət verilməsi və siyasi dəyişiklik üçün imkan kimi təqdim edir. Netanyahu isə öz tərəfdarları qarşısında təhlükəsizlik və ölkənin müdafiəsi məsələlərini ön plana çəkir.
Bu şəraitdə kütləvi etirazlar hökumətə qarşı narazılığın göstəricisi olsa da, onların miqyası seçki nəticəsini təkbaşına müəyyənləşdirmir. Səsvermədə iştirak səviyyəsi və kiçik partiyaların seçki baryerini keçib-keçməməsi də parlamentdəki qüvvələr nisbətinə ciddi təsir göstərə bilər.
Müxalifətin qələbə şansı nə qədərdir?..
Mövcud sorğular Netanyahunun siyasi düşərgəsinin parlament çoxluğunu qorumaqda çətinlik çəkə biləcəyini göstərir. Bununla belə, müxalifətin də qarşısında ciddi maneələr var: partiyalar arasında fikir ayrılıqları, ərəb partiyaları ilə əməkdaşlıq məsələsi və hökumət qurmaq üçün lazım olan 61 mandatın təmin edilməsi.
Əgər müxalifət seçkidən sonra kifayət qədər mandat toplayaraq koalisiya yaratmaq barədə razılığa gələ bilsə, Netanyahu hakimiyyəti itirə bilər. Əks halda, parlamentdə heç bir düşərgənin sabit çoxluq əldə edə bilməməsi siyasi dalana və uzunmüddətli koalisiya danışıqlarına səbəb ola bilər.
Beləliklə, Təl-Əvivdə 100 mindən çox insanın iştirak etdiyi bildirilən mitinq seçkiqabağı narazılığın miqyasını nümayiş etdirir. Lakin Netanyahunun siyasi gələcəyini müəyyən edəcək əsas amil küçələrdəki iştirakçıların sayı deyil, oktyabrın 27-də seçicilərin verdiyi səslər və seçkidən sonra formalaşacaq parlament koalisiyası olacaq.
S.Laçın