Bakı Kristal Zalında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Festivalın Təşkilat Komitəsinin sədri Samir Şərifov Azərbaycanın FIFA-nın 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalına ev sahibliyi etməsindən qürur duyduğunu bildirib:
“Milli Təşkilat Komitəsi adından bu tarixi hadisədə – FIFA-nın 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında hər birinizi salamlamaq mənim üçün xüsusi şərəfdir. Azərbaycana xoş gəlmisiniz! Bakıya xoş gəlmisiniz! Azərbaycan 189 ölkənin milli komandalarını bir araya gətirən bu ilk dünya çempionatına ev sahibliyi etməkdən sonsuz qürur duyur. Bu gün Yer kürəsinin demək olar ki, hər guşəsindən olan yeniyetmə futbolçular öz ölkələrini dünya çempionatı səhnəsində təmsil etmək kimi böyük şərəfə nail olublar”.
Təşkilat Komitəsinin sədri FIFA-nın və qurumun prezidenti Canni İnfantinonun bu təşəbbüsünü, həmçinin Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndirdiklərini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyini və turnirin reallaşması üçün göstərdiyi hərtərəfli dəstəyi xüsusi qeyd edib.
Samir Şərifovun sözlərinə görə, bu turnir sadəcə gələcəyin ulduzlarını üzə çıxarmaqla məhdudlaşmır: “Bu, hər bir oyunçunun dəyərli, hər bir komandanın öz yerinin olduğu və hər bir gəncin yarışmaq, inkişaf etmək, eləcə də arzularının ardınca getmək şansına layiq olduğu həqiqətinin təntənəsidir”.
S.Şərifov turnirin təşkilinə töhfə verən tərəfdaşlara, təşkilatçılara, məşqçilərə, hakimlərə, könüllülərə, həmçinin futbolçuları dəstəkləyən ailələrə və ölkələrə təşəkkürünü bildirib.
O, gənc futbolçulara müraciət edərək dünya çempionatı və festivalının özlərini göstərmək üçün böyük fürsət olduğunu vurğulayıb:
“Siz dünya futbolunun gələcək nəslisiniz. Ümidvarıq ki, gələcək yolunuz sizi dünya futbolunun zirvəsinə, yaxud digər sahələrdə nailiyyətlərə aparmasından asılı olmayaraq, siz Bakını, Azərbaycanı hər zaman həyatınızda unudulmaz bir mərhələnin başladığı yer kimi xatırlayacaqsınız”.
Samir Şərifov çıxışının sonunda hər bir iştirakçıya uğurlar arzulayıb, ilk FIFA U-15 dünya çempionatı və festivalının möhtəşəm futbol, ömürlük dostluqlar və unudulmaz anlarla yadda qalmasını diləyib.
Çempionatın açılış mərasimində çıxış edən FIFA prezidenti Canni İnfantino futbolun qlobal mahiyyətini vurğulayaraq, bütün istedadlı gənclərə özlərini göstərmək imkanının yaradılmasının vacibliyini bildirib: “FIFA üçün dünyanın hər guşəsindəki istedadlara özlərini təsdiq etmək şansı vermək mühümdür. Biz hər bir ölkəyə böyük hədəflər qurmaq imkanı yaratmalıyıq. U-15 dünya çempionatı və festivalı həqiqətən də dünyanı bir araya gətirir. İlk dəfədir ki, Bakıda 189 komandanı, 3 mindən çox oyunçu və rəsmi şəxsi bir araya toplayırıq”.
FIFA rəhbəri turnirin yüksək səviyyədə təşkilinə və göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, onun komandasına və təşkilatçılara minnətdarlığını ifadə edib.
Çıxışlardan sonra tədbirin bədii hissəsi təqdim olunub və iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.
Qeyd edək ki, turnirin ilk oyunlarına bu gün start verilib. İlk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir. Minə yaxın qarşılaşmanın nəzərdə tutulduğu turnirdə Azərbaycan yığması ilk oyununu bu gün Bakı Kristal Zalında Timor-Leste komandasına qarşı keçirəcək.